"Bu kimi tədbirlər Azərbaycanın imicinin artmasının göstəricisidir" - DEPUTAT ŞƏRH ETDİ

26 Oktyabr 2021 11:43 (UTC+04:00)

“Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumu keçiriləcək. Bildiyimiz kimi, bu beynəlxalq təşkilat çox aktivdir. Həmçinin, dünyada və Avropada çox tanınan təşkilatlardandır. Bu mərkəzin idarə heyəti, təsisçiləri, rəhbəri dünyanın tanınmış dövlət adamları və siyasətçiləri səviyyəsində tanınmış adamlardır. Onların Azərbaycanda müxtəlif mövzularda və xaricdə keçirilən tədbirlərində Azərbaycan həqiqətləri dünyaya daha çox çatdırılır, beynəlxalq ictimaiyyət Azərbaycanla bağlı daha çox məlumat alır və dünya Azərbaycana qarşı olan ikili standartlar vasitəsilə daha çox məlumat toplayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi tədbirlərdə Azərbaycanın istər bölgə, istər Avrasiya, istərsə də Avropa üçün nə qədər töhfələr verdiyinin şahidi oluruq: “Azərbaycan tarixən bəşəriyyətə, bəşər sivilizasiyasına istər mədəniyyət, istərsə də incəsənət və müsiqi sahəsində böyük töhfələr verib. Həmçinin, buraya elm sahəsini də şamil etmək olar. Bu mənada bugünkü 20-ci əsrin sonu və 21-ci əsrin əvvəlində Azərbaycanın çox böyük qatqısı var”.

Deputat sözlərinə belə davam edib: “Hər dəfə bu təşkilatın xətti ilə tədbirlər keçirildikcə, Azərbaycanın nüfuzu, imici daha da artır və Azərbaycan dövlətinin, xalqının nə qədər mütərəqqi, vətənpərvər, insanlığa töhfə verən, multikultural dəyərlərin qorunmasında böyük rolu olduğu aydın olur. Xüsusilə də “Zəfər Günü” ərəfəsində bu cür tədbirlərin keçirilməsi Azərbaycanın dünyada imicinə böyük qatqı olacaq”.

“Cənab Prezident İlham Əliyev 30 ilə yaxındır işğal altında olan torpaqların azad olunmasında məsələnin dinc və sülh yolla həll olunmasını üstün tuturdu. Çünki, müharibə dağıntı, ölüm, itki və fəlakətdir. Bu o deməkdir ki, cənab Prezidentimiz bölgənin taleyində əmin-amanlığın qorunmasına böyük önəm verirdi. Baxmayaraq ki, Azərbaycan çox güclüdür və həmçinin də ordumuz dünyanın 50 güclü ordusundan biridir, lakin Prezident yenə də bu məsələyə həssaslıqla yaxınlaşırdı”.

Ayşən Vəli