"İnfrastruktur layihələrin həyata keçirilməsinin canlı şahidi olacağıq" - DEPUTAT MÖVQE BİLDİRDİ

26 Oktyabr 2021 11:21 (UTC+04:00)

"Məlum olduğu kimi yanvar ayının 11-i 2021-ci ildə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüşdə gələcək əməkdaşlıq formatını müəyyənləşdirmək üçün işçi qrupu və bu işçi qrupuna rəhbərlik etmək üçün baş nazirlərin müavinləri səviyyəsində heyət formalaşdırılmışdı. Bu heyətin fəaliyyəti artıq uzun müddətir ki, davam etməkdədir. Həm baş nazirlərin müavinləri səviyyəsində, həm də işçi qrupu, ekspertlər səviyyəsində üçtərəfli komissiyaların işi bu günə kimi davam etməkdədir. İki gün bundan öncə Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan parlamentində 2022-ci ilin büdcəsi ilə bağlı etmiş olduğu çıxışda bir önəmli faktı vurğulamışdır ki, biz Ermənistanın iqtisadi və sosial cəhətdən dirçədilməsi və sosial-iqtisadi problemlərinin həllini və eyni zamanda ölkədə infrastrukturun inkişafı ilə bağlı addımlar atmaq istəyiriksə, şübhəsiz ki, bu günə kimi ortada olan bütün blokadaların ortadadan qaldırılması, Azərbaycanla və region ölkələri ilə normal, qarşılıqlı mənfəətə dayanan inkişaf predmetlərini müzakirə etməliyik. Bu qaçınılmaz bir addımdır". Bunu SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, bütün bu prizmalardan baxdıqda, eləcə də regionda baş verən hadisələr və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli və ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyan mövqeyi, iradəsi, şübhəsiz ki, Azərbaycanın diqtə etmiş olduğu həm 10 noyabr 2020-ci il kapitulasiya aktının imzalanmasında, həmçinin, bu gün üçtərəfli işçi qrupunun fəaliyyətində özünü göstərməkdədir.

Ramil Həsən bu barədə fikirlərini belə izah edib: "Qubadlı, Zəngilan və digər sərhəd bölgələrimizə cənab İlham Əliyevin vitse-prezident hörmətli Mehriban xanımla hər ziyarəti tarixi bir anlam daşımaqdadır. Şübhəsiz ki, bu səfərlər Azərbaycan ordusuna, Azərbaycan əsgərinə, sərhədlərimizi qoruyan dəyərli insanlarımıza ruh yüksəkliyi verməkdədir. Azərbaycan ordusunun gücü və qüvvəti, Ali Baş Komandanın inanılmaz sərkərdəliyi və qətiyyəti ilə cəbhədə qazanılmış olan tarixi uğurumuz və nailiyyətimiz bu gün masada da XİN-lər və baş nazirlər səviyyəsində olan işçi qruplar və digər proseslərdə Azərbaycanın haqlı mövqeyinin gücləndirilməsinə xidmət etməkdədir. Şübhəsiz ki, bu işçi qruplarının iclasları davam edəcəkdir. Ən yaxın zamanda həm Şərqi Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin yenidən dirçəldilməsi, bütün nəqliyyat infrastrukturlarının yenilənməsi, yollar, dəmiryolları kimi layihələrinin həyata keçirilməsinin biz canlı şahidi olacağıq. Bu prosesdə xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə qardaşlığı və bölgədə göstərmiş olduqları həmrəylik, şübhəsiz ki, həm Azərbaycanın, həm də Türkiyənin bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi ilə bağlı maraqlı tərəf olması inanıram ki, Ermənistanı da bu istiqamətdə addımlar atmağa vadar edəcək. Azərbaycan və Rusiya prezidentləri arasında olan şəxsi qarşılıqlı güvənə dayanan münasibətlər bu fonda əlaqələrin yeni mərhələyə çıxmasında çox uğurlu və faydalı rol oynayacaq".