"Bakı Forumunda aktual məsələlər müzakirə olunacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

26 Oktyabr 2021 10:50 (UTC+04:00)

"Azərbaycan artıq uzun müddətdir ki, dünyanın bir çox sahələrində qlobal müzakirələrin, forumların keçirildiyi məkana çevrilib. Pandemiya dövründə bu proses bir qədər arxa plana keçdi. İndi artıq pandemiyanın yumşalması ilə əlaqədar olaraq yenidən beynəlxalq forumların keçirilməsi davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirəcəyi Qlobal Bakı Forumu da bu qəbildən olan əlamətdar hadisələrdəndir: "Bakı Forumunda dünyanı və xalqları narahat edən bir sıra aktual məsələlər müzakirə olunacaq. Bakı şəhəri yenə də dünyanı narahat edən məsələlərin müzakirə edildiyi bir məkana çevriləcək və Bakı bu Qlobal Foruma ev sahibliyi edəcəkdir. Burada koronavirus pandemiyasından sonrakı dövrdə dünyanın üzləşəcəyi problemlər, dünyanın qarşısında duran perspektivlər və çağırışlar, eyni zamana dünya iqtisadiyyatının yenidən inkişaf problemləri, səhiyyə və əhalinin sağlamlığı məsələləri, o cümlədən cənab Prezidentin dəfələrlə beynəlxalq tribunalarda qeyd etdiyi vaksin millətçiliyi, vaksin ayrı-seçkiliyi məsələsi, vaksinasiyanın dünyada bütün xalqalara çatdırılmasının ədalətli bölgüsünün təmin olunması məsələləri müzakirə olunacaq. Yenə də Cənubi Qafqazda aparıcı bir dövlət olan Azərbaycanın əməkdaşlıq üçün bir platforma kimi tanınması ön plana çıxarılacaqdır.

Dünyanın bu sahələrdə tanınan məşhur ekspertləri, siyasətçiləri, iqtisadçıları, alimləri çıxış edəcək, dövlət xadimləri iştirak edəcəklər. Bu bir daha Azərbaycanın dünya üçün dəyərini göstərir və Azərbaycanın dünyaya açılması üçün böyük bir platforma olacaq. Azərbaycanı əməkdaşlığa, sülhə, tərəqqiyə, inkişafa dəstək verən bir dövlət kimi dünyaya tanıdacaq. Belə tədbirlərin keçirilməsinin həm də iqtisadi, turizm, biznes əhəmiyyəti vardır. Çünki tədbirlərdə iştirak edən qonaqlar öz ölkələrinə Azərbaycanla bağlı məlumatlar aparır, Azərbaycanı tanıdır və ölkəyə qarşı maraq yaradır. Bu tədbirlərin digər əhəmiyyəti də Azərbaycanın qədim mədəniyyətinin təqdimatı üçün bir platforma olmasıdır. Eyni zamanda Azərbaycanın haqq uğrunda apardığı mübarizə 44 günlük vətən savaşı və bu savaşda qazandığımız tarixi qələbə, post-müharibə dövründə apardığımız işlər xüsusən Qarabağın Şərqi Zəngəzur torpaqlarının minalardan təmizlənməsi, yenidən qurulması abadlaşdırılması lahiyələrinin təqdimatı imkanları da yaranır ki, bu da ölkəmizə olan marağı daha da artıracaqdır.

Abutel İlhamqızı