“Zəfərin keşikçiləri” adlı görüş təşkil edilib

26 Oktyabr 2021 08:06 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Zəfərin keşikçiləri” adlı görüş keçirilib.

SİA xəbər verir ki, görüşün qonağı Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun leytenantı, qazi Pərvin Abdullayev olub.

Tədbirdə ADPU TGT-nin sədr müavini Aytən Əliyeva açılış çıxışı edərək Zəfər tarixini yazan igidlərimizin hər birimizə örnək olduğunu vurğulayıb. İbtidai təhsil fakültəsinin TGT rəhbəri Jalə Cəlilzadənin moderatorluğu ilə davam edən görüşdə Pərvin Abdullayev 44 günlük müharibə müddətində keçdikləri döyüş yolu, hissləri, qələbəyə doğru gedən yolda Azərbaycan əsgərinin necə inamla addımlamağı haqqında düşüncələrini bölüşüb və tələbələrin çoxsaylı suallarını cavablandırıb.