Ərdoğan bu gün Azərbaycana gəlir

26 Oktyabr 2021 01:19 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Bu barədə Prezidentinin Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

Məlumatda “Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq” deyə qeyd olunub.