Moldova ilk dəfə olaraq rus qazından imtina edib?

25 Oktyabr 2021 23:52 (UTC+04:00)

Moldovanın “Energocom” dövlət şirkəti Polşanın “PGNiG” şirkəti ilə 1 milyon kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Bu barədə şəxsi “Facebook” səhifəsində Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spinu məlumat verib.

O bildirib ki, bu, respublikanın tarixində ilk alternativ mənbələrdən qaz alınmasıdır.

...Sövdələşmənin qiyməti dəqiqləşdirilməyib, lakin istehlakçılar üçün tarifin dəyişməz qalacağı bildirilir. Ötən cümə günü elan edilən tenderdə “Energocom” 7 təklif alıb. “Bu qazın alınması alternativ mənbələrdən qaz idxalının mümkünlüyünü yoxlamaq və təbii qaz təchizatı sistemində aşağı təzyiqi tarazlaşdırmaq məqsədilə həyata keçirilir”.

Maraqlıdır ki, bunu ərz edən Moldova Nazirlər Kabineti Rusiyanın “Qazprom” şirkəti ilə də təbii qazın tədarükünə dair uzunmüddətli müqavilə imzalamaq üçün danışıqlar apardığını bildirib.

Yeri gəlmişkən bildirək ki, bu ilin sentyabrında Rusiya qazının Moldovaya tədarükü üzrə uzunmüddətli müqavilə başa çatıb. Belə ki, “Qazprom” və “Moldovaqaz” müqaviləni bir ay müddətinə uzadıb. Yeni müqavilə üçün qazın satışında Rusiya tərəfi 25 faiz endirim təklif etsə də, ammq Moldova tərəfi 50 faiz endirimdə israr edirlər. Bundan əlavə, bu gün Moldovanın ruslara 709 milyon dollar borcu yığılıb və onun ödənilməsi yeni müqavilənin bağlanması üçün şərt kimi göstərilir.

Ağasəf