Hollandiyada türk sənətçilərin sərgisi açılıb

25 Oktyabr 2021 23:01 (UTC+04:00)

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən "Türk Müasir Rəssamları" adlı sərginin açılışı olub. SİA bu barədə türk mətbuatına istinad edir.

"NDSM Fuse" İncəsənət Mərkəzində keçirilən tədbirə hollandiyalı və türk sənətsevərləri ilə yanaşı Türkiyənin missiya nümayəndələri də qatılıb.

Avropanın müxtəlif şəhərlərindən sərgiyə qatılan türk rəssamlar əsərlərini görməyə gələn ziyarətçilərlə görüşüb, suallarını cavablandırıblar.

Tədbiri təşkil edən rəssam və ebru ustası Okan Akın bildirib ki, məqsəd Avropada türk sənətçilərinin əsərlərini bütün dünyaya tanıtmaqdır.

Hollandiyalıları türk sənətçilərlə tanış etməyi hədəflədiyini qeyd edən Akın "Avropanın müxtəlif şəhərlərində yaşayan 37 türk sənətçi bu sərgidə bir araya gəldi" deyib.

Hollandiya, Almaniya və Belçika başda olmaqla Avropanın müxtəlif şəhərlərindən türk rəssamların müxtəlif sənət əsərlərinin yer aldığı sərgi noyabrın 6-dək ziyarətçilərin üzünə açıq olacaq.