Qubadlıya qarşı törədilən vandallıq aktı

25 Oktyabr 2021 22:33 (UTC+04:00)

Qubadlı qədim dövrlərə, xüsusilə IV-V əsrlərə aid olan tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə daim seçilmiş, füsunkar təbiəti, zəngin təbii sərvətləri ilə tanınıb. 1993-cü il avqustun 31-də Qubadlı şəhəri erməni faşistlərinin işğalı altına düşüb. Nəticədə şəhər yerlə-yeksan edilib, yaşı minilliklərlə ölçülən tarixi, dini abidələrimiz dağıdılıb, yaşayış məskənləri məhv edilib.

Eyni zamanda, ermənilər Qubadlıda yerləşən qədim alban abidələrinin tarixini saxtalaşdıraraq dünyaya “erməni abidələri” kimi təqdim etməyə çalışıb, lakin onların bu cəhdləri baş tutmayıb.

Bu sözləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat bildirib ki, mənfur ermənilər bununla da kifayətlənməyib: “Düşmən Qubadlını işğal altında saxladığı 27 il ərzində Xanlıq kəndində qanunsuz məskunlaşma aparıb. Erməni lobbisinin maddi vəsaiti hesabına Xanlıqda qəsəbə salınıb, bir sıra xarici ölkələrdən gətirilən ermənilər qanunazidd yollarla Xanlıq kəndi ərazisinə yerləşdiriliblər. Beynəlxalq hüquq normalarına əsasən, ermənilərin apardığı qanunsuz məskunlaşma hərbi cinayət hesab olunur. Bu, Cenevrə konvensiyalarında da öz əksini tapıb. Belə ki, Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Təəssüf ki, ermənilərin bu hərbi cinayətlərinə beynəlxalq təşkilatlar biganə qalıb.

Eyni zamanda, təcavüzkar düşmən Qubadlının bir sıra kəndlərindən hərbi istehkam, hərbi baza kimi istifadə etmiş, Qubadlının həm tarixinə, həm də təbiətinə qarşı əsl vandallıq aktı törədib.

Nəhayət, ötən ilin oktyabrın 25-də - Vətən müharibəsinin 28-ci günündə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Bununla da, mənfur ermənilərin Qubadlıda törətdikləri bütün vandalizm aktlarına, hərbi cinayətlərə birdəfəlik son qoyuldu. Beynəlxalq təşkilatlarının bərqərar edə bilmədiyi beynəlxalq hüququ, ədaləti rəşadətli Azərbaycan ordusu bərqərar etdi”.

Qubadlının işğaldan azad edilməsinin böyük tarixi hadisə olmaqla bərabər, Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsini daha da yaxınlaşdırdığını söyləyən Ülviyyə Ağayeva deyib: “Qeyd etmək lazımdır ki, Qubadlı əməliyyatı həm ərazinin relyefinə, həm də ermənilərin qurduqları istehkamlara görə çətin və mürəkkəb bir hərbi əməliyyat olub. 2020-ci il dekabrın 23-də isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldaraq Azərbaycanın artıq öz əzəli torpaqlarına qayıtdığını bir daha bütün dünyaya bəyan edib”.