ŞUŞADAN GƏLƏN “SƏS”İMİZ! SƏFƏR QEYDİ+REPORTAJ

25 Oktyabr 2021 16:01 (UTC+04:00)

Azad Şuşamıza səfər edəcəyimizi öyrəndikdə içimizdə anidən coşan sevinc hissini ərz etmək, anlatmaq, istər yazılı, istərsə də şifahi dildə ifadə etmək çox çətindir. Lakin hər necə olursa-olsun, düz 28 il boyunca yağı düşmənin murdar tapdağı altında inim-inim inləyən, əzab çəkən, qıvrılan, ağlayan, bu gün isə azad olan Şuşamıza getmək, bu gedişin hisslərini bölüşmək mütləq mənada öhdəmizə düşür. Həm də düşünürük ki, verilən sualların cavabını da tarixi səfər tarixçəmizi işıqlandırmağımızla verə bilərik.

Və çox yəqin ki, 28 illik Şuşa həsrəti ilə alışıb-yananlar, Şuşaya gedənlər, onun işğaldan qurtulmuş yaralarını qala divarlarına, torpağına, daşına sığal çəkərək saranlar həmin hissləri daha yaxşı anlayırlar, bilirlər.

Səfərimiz zamanı Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə, eləcə də qəhrəman övladlarımızın şücaəti və yeni dünyaya silinməz tarix yazan fədakarlıqları ilə 44 günün hər dəqiqəsinin, hər anının nə qədər dərin, ölçüyəgəlməz, nəhəng məna kəsb etdiyini bir daha dərk etmiş oluruq. Vətən müharibəsi və düşmənə qan udduran, onu öz kirli qanı içində boğub-məhv edən Dəmir Yumruq və Azərbaycan Əsgəri, biz Sizlərə əbədiyyən minnətdarıq!

Şuşa, biz sənə gəlirik!

Beləliklə, Şuşa yolçuluğumuz belə başladı. İlk olaraq, Şuşa səfərimizin təşkil olunmasında təşəbbüskarlıq göstərən “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyevə və eyni zamanda, səfərimizin gerçəkləşməsində vəsilə olan rəsmi orqan nümayəndələrinə, Prezident Administrasiyasında fəaliyyət göstərən məsul şəxslərə öz dərin minnətdarlığımızı çatdırmaq istərdik. Axı bizim xəyalımız gerçəkləşmişdi, özü də ən ümdə xəyalımız! Niyəsi isə budur:

“SƏS” TV-nin redaktoru Cabir Məmməd Şuşanı ilk dəfə görəcəkdi, operatorumuz Çingiz Abdullayev isə həm də Şuşa fatehlərimizdəndir və bu dəfə səfərini əlində silahla deyil, kamerası ilə reallaşdırırdı. Mənə gələndə, Şuşamızı ömrümdə ikinci dəfə görəcəkdim, düz 31 ildən sonra! Bir zamanlar, yeniyetmə çağlarımda əmim, mərhum jurnalist Firuddin Rəsulov “Kommunist” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri çalışdığı vaxtlarda məni özü ilə Qarabağımıza aparır, sanki bu torpaqlarımızın xəyanətlər hesabına itiriləcəyini, işğal ediləcəyini hiss edirmiş kimi bacardığı qədər çox görməyimə çalışırdı. Bax, onda da Şuşamızı ilk dəfə gördüm! Onun qala divarlarının möhtəşəmliyinə heyranlıqla baxdım, şəhərin tarixi küçələrinin ecazkarlığına, çəkiciliyinə valeh oldum, sanki bir nağıllar aləminə düşmüşdüm və bu sehrdən çıxa bilmirdim. Təsəvvür edin, bu qədər keşməkeşli tarixlərdən, hadisələrdən sonra ayağım yenidən Şuşaya dəyəcəkdi. İnsanın içindən çıxmaq istəyən sevinc çığlığı və onu basan qəhər bir-birinə qarışarkən, bu hissi izah etmək heç cür mümkün olmur.

İndi görün, Şuşanı ilk dəfə görmək insanda necə təəssürat yaradır. Misal üçün, həmkarım Cabirin yol boyunca Şuşaya tez çatmaq və qarış-qarış gəzmək istəyi onun daxilindəki tələskənliyini simasına hopdurmuşdu.

Operatorumuz Çingizin isə yol boyunca Şuşa döyüşləri barədə bəhs etdiyi məqamlarından hiss olunurdu ki, onun daxilindəki həmin həyəcan yenidən çağlayır və bir an əvvəl danışdığı, zarafatlaşdığı silah dostlarının Şuşanın işğaldan azad edilməsi uğrunda şəhid düşmə anlarını yenidən yaşayır, təlaşlanır və göz yaşlarını güclə saxlayır..

Səfərimiz boyunca ikiqat zəhmət çəkən, həm də qrup rəhbərliyi edən baş redaktorumuz Bəhruz müəllimin isə hisslərini anlatmaq daha çətindir. Çünki onun özü olmasa belə, yaxınlarının Şuşa ilə əlaqəli bir çox bağlantıları, olayları vardır. Qardaşı Rasim müəllimin Şuşa şəhərinin girişindəki internat məktəbində təhsil aldığı dövrlərdən bəhs edən Bəhruz müəllim rəhmətlik atası Vaqif müəllimin tez-tez oraya səfər etdiyini, övladını görməyə getdiyini danışır.

O cümlədən, rəhmətlik əmisi oğlu, şəhid Elşən Nəsirovla bağlı təəssüratlarını bölüşərkən bildirir ki, Şuşa 1992-ci ilin 8 may tarixində işğala məruz qaldıqdan sonra onlar Daşaltı istiqamətindən şəhəri geri almaq üçün qəhrəmanlıqla mücadilə aparıblar, lakin davamlı xəyanətlər nəticəsində geri çəkilərək Laçına doğru istiqamət alıblar. Elşən Nəsirov da Laçın istiqamətində, Zarıslı-Turşu yolunda canını Vətən uğrunda fəda edib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Şuşaya aparan şüşə kimi Zəfər yolu: Qarabağın açarı – Füzuli Beynəlxalq Hava Limanı!

Beləliklə, səfərimizin ilk dayanacağı işğaldan azad edilmiş Füzuli şəhəri oldu. Şəhərə doğru buraxılış məntəqəsindən keçdikdən sonra bir daha erməni vəhşiliyinin, vandallığının şahidlərinə çevrildik.

Şəhərdən əsər-əlamət belə qalmayıb və bu gün həmin dağıntıların üzərində bir möhtəşəmliyin ucaldılması isə yalnız və yalnız bu vədi verirdi: Qarabağımızın açarı Füzuli şəhəri, rayon və kəndləri yenidən inşa olunur və qısa zamanda Qarabağımızın açarı rolunu da məhz bu məkanımız oynayacaq. Buna şübhə edənlərə isə verilən cavab Füzuli Beynəlxalq Hava Limanıdır!

Cəmi 8 aya inşa edilən və şəhərin dağıntıları arasından qürurla yüksələn aeroportun möhtəşəm binası, həmçinin, Şuşaya qədər aparan şüşə kimi Zəfər yolu artıq özü-özlüyündə hər şeyi ehtiva etməkdə idi. Bu gün bu yolla Qarabağa səfərlər edən xarici qonaqlardan tutmuş hər kəsi, sadəcə, bir sual düşündürür: axı bu qədər qısa müddətdə o qədər nəhəng işləri həyata keçirmək müharibədən çıxmış Azərbaycan dövlətinə necə müyəssər oldu? Bu sualın cavabı birdir - gücü və qüdrəti ilə regionun aparıcı iqtisadiyyatına malik olması, xalq-iqtidar birliyinin mövcudluğu və ən əsası, qətiyyətli dövlət başçısının sarsılmaz iradəsi hesabına! Bu bənzərsiz üç gerçəkliyə isə hər ölkə, hər xalq sahib ola bimir, Azərbaycan bu özəlliyə, bu əsrarəngizliyə sahibdir və nəticəsi də göz önündə...

Beynəlxalq Hava Limanının ətrafını və daxilini gəzdikcə, orada aparılan işlərin sürətinə, keyfiyyətinə baxdıqca bir daha əmin oluruq ki, artıq bu dövlətin əbədi, sarsılmaz dayaqları var və bu dayaqları mökəmləndirən Ali Şəxsiyyət – Prezident İlham Əliyev faktoru mövcuddur. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən Onun qətiyyəti sayəsində qalib çıxdı və bu gün Onun qətiyyəti sayəsində də torpaqlarının dirçəldilməsinə inanır, çünki bu prsosesin sürəti də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Hava limanı ilə tanış olduq və hədsiz qürur hissi ilə “Yolçu yolunda gərək” deyib, Şuşamıza doğru irəliləməyə davam etdik.

Salam Şuşa!

Yolboyu Qarabağımızın valehedici, sirli təbiəti və tarixi yolçuluq xoşbəxtliyimizə işıq saçan ilıq, günəşli Qarabağ havası ciyərlərimizə dolduqca sanki yenidən dünyaya gəldiyimizi hiss edirdik. Həm Şuşaya doğru tələsir, həm də ara-sıra qısa dayanacaqlar edərək, o havanı doya-doya içimizə çəkirdik, amma yenə də doymurduq, inanın ki, bu belədir...

Diqqətimizi çəkən məqamlardan biri də yolboyu hərəkət edən yük maşınları idi. İnşaat materialları və s. avadanlıqlar daşıyan maşınlar Şuşaya doğru və əks istiqamətdə şütüyürlər. Həmçinin, yol kənarlarında alternativ yolların çəkilməsi prosesləri aparılır, dağlar, qayalar iri texnikalar vasitəsi ilə yarılır, gecəli-gündüzlü böyük tikinti işləri gerçəkləşdirilir. Bu mənzərələri seyr edə-edə qarşıda hələ nə qədər işlərin görüləcəyi barədə fikir mübadilələri aparırıq.

Deyirlər, söhbət yolu qısaldır və bir də gözümüzü açıb-görürük ki, Şuşamızın həndəvərindəyik. Zəfər yolunun mükəmməl inşası sayəsində əvvəlcə Daşaltıya, sonra isə çatırıq qala şəhərimizin girişinə. Hər addımda Vətən eşqi, hər addımda yurd ovqatı, hər nəzərdə müqəddəslik rəmzi – Şuşamız öz ağuşunda bizi belə qarşılayırdı, Şuşamıza verdiyimiz salam belə alınırdı.

Yoxlanış prosedurundan sonra daxil oluruq şəhərə - heyranlıqla, həsədlə, hədsiz maraqla. O yolla ki, ötən ilin noyabrında qəhrəman hərbçilərimiz görünməmiş şücaətləri ilə Şuşanı azad etməyə daxil olurdular. Biz hələ dağların, qayaların fəth olunan yerlərini demirik. Bu keçilməz sədləri insan gərək öz gözləri ilə görsün və qədim şəhərimizin fatehlərimiz, fədailərimiz tərəfindən nə qədər çətinliklə azad edilməsini təsəvvüründə canlandırsın. Şuşanın hər addımında onu mühafizə edən polis güclərimiz və hərbçilərimiz gözə dəyir, onlar xüsusi həssaslıqla, diqqətlə şəhərin mühüm yerlərini mühafizə edirlər. Strateji və coğrafi cəhətdən çox əhəmiyyətli qala hesab edilən Şuşada payızın ilıq nəfəsi əsirdi, şəhər sanki təbiətə meydan oxuyurdu, biz orada olduğumuz müddətdə Şuşada çiskin, duman olmadı və bu da bizim işimizə xeyli yarar verdi. Çəkilişlərimizi, reportajlarımızı rahatlıqla həyata keçirdik.

Veriləcək suallara cavablar axtardıq

Başladıq səfərimizi çəkməyə. Hər addımı çəkmək, hər addım haqqında ayrıca fikir bildirmək istəyir insan. Axı geriyə dönərkən hər kəs bizdən soruşacaqdı ki, Şuşada nə gördünüz, necə idi, haralarında oldunuz və s.

Təbii ki, çəkiliş qrupumuzun da marağında bu suallara cavab tapmaq həvəsi var idi. Ona görə də ilk dayanacağımız yer Xan qızı Xurşudbanu Natəvanın dağıdılmış evi və evinin arxasında viranə qoyulmuş qonaq evi oldu. İnanın ki, daşların dili olsaydı dil açıb düşmənə lənət oxuyardı. Böyük şairəmizin, zamanının mütəfəkkirinin vaxtilə Qafqaza, Avropaya səs salan evi uçmuşdu, xaraba qalmışdı. Axı sərsəm erməni işğalçısı nə bilə bilərdi ki, bu evin, onun sahibəsinin dəyərini?

Bir də ki, mənfur düşmən yaxşı bilirdi ki, bu şəhərdə əbədi qalmayacaq və onun sahibləri geri dönəcəklər, çox yaxşı bilirdi, ona görə də əlində olan bütün vəhşilik vasitələrini dağıdıcı maşın kimi işə salmaqla Azərbaycana məxsus şəhəri erməniləşdirməyə cəhd göstərib. Amma yenə də alınmayıb. Şuşa təkbaşına (!) 28 il boyunca yağı düşmənlə mübarizə aparıb, bacardığı qədər dayanıb.

Bu gün biz Natəvanın evinin ən azından daşlarının bir yerdə olmasına görə Allahımıza şükürlər edirik, çünki o ev yenidən öz möhtəşəmliyi ilə yüksək nöqtədən bərq vuracaq, Qarabağımıza günəş kimi doğacaq, böyük şairəmizin də ruhu şad olacaq.

Evin yaxınlığındakı Natəvan bulağı qurumamışdı, suyu axırdı, sərin, şirin və heç vaxt, heç yerdə içmədiyimiz həzin şırıltısı ilə sanki deyirdi: “Gəlin ay çoxdan gözlədiklərim insanlar, gəlin için məni, atasına rəhmət oxuyun bu bulağı düzəltdirənin, burada 28 il “Allah”, “rəhmət” sözləri işlədilməyib”.

İçdik, rəhmət oxuduq, gözlərimizə işıq gəldi, nəfəsimiz genişləndi. Namaz vaxtı daxil olmuşdu. Qrupumuzla getdik Şuşamızın azad olunduğu gün minarəsinə çıxılıb azan verilən yuxarı Gövhər Ağa məscidinə, kadrlardan izlədiyimiz həmin o Allah evinə. Namazlarımızı qıldıq, dualarımızı etdik, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarına müqəddəs Quranın Fatihə surəsindən oxuduq, amin dedik!

Məscidin divarlarından tutmuş tavanına qədər hər yeri gavur və Allahsız düşmənin murdar izlərindən təmizlənmişdi. Mehrab tərəfdə isə Fateh Ali Baş Komandanımız İlham Əliyevin, eləcə də xanım Mehriban Əliyevanın hədiyyə etdikləri Quran kitabı qoyulmuşdu. Bundan gözəl hiss nə ola bilər?

Şuşanın möhtəşəm yaşıllıq ərazilərinin birindəki çay fasiləsindən sonrakı marşrutumuz dahi sənətkarımız Bülbülün evini ziyarət etmək oldu. Bu ev də düşmənlərimiz tərəfindən viran qoyulmuşdu, sənətkarımızın güllələnmiş büstü isə gələn xarici qonaqlar üçün nümunə olsun deyə saxlanılaraq onun yerinə yeni büstü ucaldılmışdı.

Ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli bizə maraqlı məlumatlardan bəhs etdi, evin yenidən ərsəyə gəlməsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tez-tez Şuşaya səfər etdiyini bildirdi və təmir-bərpa işləri ilə şəxsən məşğul olduğunu bildirdi.

Tarixi Gəncə qapısına getdik. Şuşa adının necə qürurla ucaldığını seyr etik və qala divarlarının daşlarına toxunmaqla onların ilıqlaşmış nəfəslərini hiss etdik. Artıq onlar soyuq, buz kimi deyildilər...

Növbəti dayanacağımız Şuşamızın aşağı məhəllələrindəki kürsülü, xarabazar qalmış həyətləri, evləri oldu. Məlum oldu ki, Şuşanı 28 il əsarətdə saxlayan işğalçılar həmin evləri elektrik naqillərinə, dam örtüklərinə, tavan və döşəmələrinə qədər söküblər. Nə deyəsən, sadəcə, düşmənə lənət və nifrət hissindən başqa heç nə!

Yeri gəlmişkən, Prezident İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında nəinki Şuşamızda, eləcə də işğaldan azad edilmiş digər ərazilərimizdəki erməni barbarlıqlarının qeydə alınması üçün YUNESKO-ya müraciət etdiyini, lakin hələ də bu qurum təmsilçilərinin buralara gələrək tarixi, mədəni, dini irsimizə nə qədər zərərlərin vurulduğunu öyrənmir, bu çağırışlara, dəvətlərə biganə yanaşırlar. Bəllidir nəyə görə - ikili standartlar reallığı bu gün də təəssüf ki, özünü göstərməkdədir!

Sonrakı çəkilişlər Qazançı kilsəsində və s. tarixi memarlıq abidələrində aparıldı. Lakin ən önəmlisi budur ki, bu gün Şuşamızda iş qaynayır və abadlıq işləri davamlı prsoes olaraq həyata keçirilir.

Biz isə bu hisslərimizlə yolumuzu salırıq Cıdır düzünə. Bəli, ölkəmizin ən gözəl və cənnətməkan yerinə. Artıq ötən bir ilə yaxın müddət ərzində burada düşmənin murdar tapdağından əsər-əlamət belə qalmayıb. Daha buralarda nə Paşinyan yallı gedir, nə də digərlər işğalçılar saxta medallarını taxıb, danqa-durunqla ortalarda atlanıb-düşmürlər. Cıdır düzündə Azərbaycan mehi əsir. Möhtəşəm dağların qoynunda, məğrur qayaların döşündə bənzərsiz yaşıl rəngli ot örtüyü, saf hava bizi sanki bihuş edir. Düzdür, artıq hava da yavaş-yavaş qaralmağa, hətta soyumağa başlayır, amma bu da bizi usandırmır, Şuşa bizi maqnit kimi özünə çəkməkdə davam edir.

Gedirik Cıdır düzünün ən yüksək məkanından bizi həsrətlə gözləyən digər şəhərimizə - Xankəndiyə baxmağa. Axı bayaq da qeyd etmişdim ki, bəxtimizdən Şuşa həmin gün dumansız-çənsiz idi və biz Azərbaycanın üçrəngli bayrağının qarşısındakı yüksəklikdən Xankəndini seyr etdik, şəhər ayaqlarımız altında idi, işıqları yanırdı, bizi çağırırdı. Və kimsənin şübhəsi də yoxdur ki, biz Xankəndinin çağırışını da səssiz qoymayacağıq, bir gün, tezliklə ona da salam verib bağrımıza basacağıq.

Son ziyarət məkanımız Vaqifin yenidən bərpa olunmuş, əzmlə göylərə yüksələn məqbərəsi oldu. Dualar oxuyub, böyük şairimizə Allahdan rəhmət dilədik. Artıq hava tamamilə qaralmışdı və Şuşada saatlar 20:00-a doğru irəliləyirdi, komendant saatına az qalmışdı. Bizə bildirmişdilər ki, axşam saat 8-dən sonra şəhərin küçələrində gəzmək yasaqdır, çünki düşmən hələ də öz mənfur xislətindən əl çəkməyə bilər. Ehtiyat isə igidin yaraşığıdır, igidlərimiz Şuşamızı göz bəbəyi kimi qoruyurlar. Bu minvalla yavaş-yavaş Şuşamızla xudahafizləşib, düzəlirik yola – Bakıya doğru. Çünki fikirlərimizi, düşüncələrimizi bölüşəcək o qədər insanlar, dostlar, qohumlar var idi ki...

Rövşən RƏSULOV

P.S. Şuşaya “Biz bir də gələcəyik, əziz Şuşa!” deyib bu ümidlə də tarixi səfərimizi yekunlaşdırdıq, həqiqətən də, bu, bir tarixi səfər kimi həyatımızın silinməyən dəftərinə yazılmış bir hadisə idi...

P.P.S. Şuşa səfərimizlə bağlı SƏS TV-də geniş reportajımızı təqdim edəcəyik.