Özəl televiziyaların reklam təcavüzü - KÜNCDƏN BAXIŞ

25 Oktyabr 2021 15:00 (UTC+04:00)

Elçin Bayramlı

Televiziya getdikcə öz mahiyyətini, mədəniyyət məbədi funksiyasını itirmək üzrədir. Buna səbəb olan əsas amillər isə tv-lərin özəl olması, yəni sırf kommersiya təşkilatı olaraq biznes marağından çıxış etməsidir. İctimai məsuliyyət və cəmiyyətin maraqları sıfıra düşüb.

İndi tamaşaçılar televiziyalarda şou və reklam əlindən cana yığılıblar. Bu problemi çoxsaylı telekanalların olması səbəbindən azalda bilirlər. Yəni, pultu əlində hazır saxlayırsan, reklam başlayan kimi çevirirsən başqa kanala. Beləliklə, reklamlara heç kim baxmır və demək olar ki, reklam verənlərin pulu batır.

İndi tamaşaçılar arasında belə bir yarıciddi, yarızarafat fikir yayılıb ki, televiziyalar reklamların arasında hərdən veriliş də verirlər. Yeri gəlmişkən, söhbət özəl kanallardan gedir, AzTv və Mədəniyyət Tv dövlət kanalları olduğundan belə biabırçılığa qol qoymurlar.

TV-lərdə reklamın qiyməti astronomikdir. Şəxsən mən şirkətin reklam meneceri olsaydım, bu qiymətə o səviyyədə reklam verməzdim. Çünki bizim televiziyalarda verilən reklamların azı 90 faizi əslində antireklamdır. Reklamın saniyəsinə görə tələb olunan qiymət materialın keyfiyyətinə və təqdimatın effektivliyinə adekvat deyil.

Reklamda yer adları, sözlər, cümlə quruluşlarının səhv deyilməsi və küçə jarqonlarından istifadə etməklə dilin qanunlarını pozurlar. Reklamlar o qədər qeyri-peşəkar hazırlanır ki, reklam mətni, orada məhsulun hansı keyfiyyətinə görə reklam olunması, insanların onu nəyə görə seçməli olduğu aydın olmur. Sanki bu çarx tamaşaçını təqdim olunan məhsuldan ikrah etdirməyə çalışır, reklamda deyilən həddən artıq şişirdilmiş bayağı sözlərin bu məhsula heç bir aidiyyatı olmamasını göstərir.

Ən təhlükəli reklamlar gənc və yeniyetmələrə ünvanlaşmış reklam çarxlarıdır. Reklamların çoxu azyaşlı taamaşaçılar üçün dəhşətli anti-psixoterapiyadır. Psixologiyası hələ formalaşmamış uşaq və yeniyetmələrə yalnız əyləncə, laqeydlik, eqozim, narsizm təbliğ olunur.

Digər tərəfdən, reklam texnologiyaları ilə milli tamaşaçı kütləsinin psixoloji səviyyəsi indeksasiya edilmir. Əksər reklamlar açıq şəkildə tamaşaçını aldatmağa yönəlib və o qədər savadsızcasına, qeyri-səmimi hazırlanır ki, bunu ən savadsız tamaşaçı, uşaq belə hiss edir.

Bizim reklam hazırlayanlar elə bilirlər ki, reklam çarxına çox səs-küylü, haray-həşirli, gözüyoran videoeffektlər, parlaq və tezdəyişən kadrlar əlavə ediləndə effektli olur. Amma psixoloqlar deyir ki, bu, tam tərsinədir. Heç kim sürətli kadr dəyişmələri, yalançı səs-küyü, pafoslu və kollektiv deyilmiş ifadələri, mürəkkəb videoeffektləri qavramır və xoşlamır.

Məşhur bir müğənnini reklama çəkmək və ona süni, pafoslu sözlər dedirtmək hələ peşəkar reklam demək deyil. Əksinə, bu əks-effekt verir. Hər kəsin öz zövqü var, öz tələbatı var, kimin nəyinə lazımdır kim hansı məhsuldan istifadə edir? Məgər bu kompyuter müğənnisi o qədər savadlı dahidir ki, hər şeyi doğru seçsin?

Normal reklam çarxı sadə olmalı, şişirtmədən məlumat verməli, iddianı sübut edən videofakt göstərilməli, kadrlar 2 saniyədən tez dəyişməməli, səs rəvan, məlahətli olmalı, mətn sürətlə oxunmamalı, 1 dəqiqədən çox olmamalıdır. Tamaşaçı görməlidir ki, burada onu avam yerinə qoyub aldatmağa çalışmırlar, əksinə, məhsul haqda məlumat verirlər.

Yoxsa bunlar elə vəziyyət yaradıblar ki, artıq əksəriyyət reklam olunan malı almır, düşünürlər ki, demək bu mal yaxşı deyil, bizi aldadıb satmaq istəyirlər.

Təəssüf ki, bizim kanallarda prinsiplər belə deyil. Ona görə də onları televiziya yox, reklam kanalı adlandırmaq lazımdır. Əsl televiziyalar artlıq internetdə formalaşmağa başlayıb. Onların da problemləri var, amma bu problemlərin getdikcə aradan qalxacağına ümid var. Müşahidələr göstərir ki, artıq insanların çoxu internet tv-lərinə və ya sosial şəbəkə kanallarında videolara baxır. Bu ənənəvi TV-lər üçün SOS ciddi siqnaldır. Televiziyalar isə bu həyəcan siqnalını eşitmirlər.