Yəməndəki qarşıdurmalarda 814 nəfər ölüb

25 Oktyabr 2021 14:32 (UTC+04:00)

Yəməndə hökumət və koalisiya qüvvələrinin İranın dəstəklədiyi Husi milisləri ilə toqquşmaları və hava zərbələri nəticəsində 814 nəfər həyatını itirib. SİA bu barədə rus mətbuatına istinad edir.
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin (SPA) məlumatına görə, koalisiya qüvvələri Marib vilayətinin qərbindəki əl-Kəsara və əl-Cəvbə bölgələrində son 72 saat ərzində 88 əməliyyat keçirib.

Əməliyyatlarda 264-dən çox husi silahlısının zərərsizləşdirildiyi, 36 hərbi maşının məhv edildiyi açıqlanıb.

Husilərin hərbi sözçüsü Yəhya əs-Seri mətbuat konfransında verdiyi açıqlamasında husi milislərinin 550 nəfəri öldürdüyünü, 1200 adamı yaraladığını və 90 adamı əsir götürdüyünü söyləyib.

Sözçü "Şebve və Marib vilayətlərində" Zəfər Baharı "əməliyyatı zamanı 3200 kvadrat kilometrlik bir ərazi azad edildi" deyib.

Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Sana və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Yəməndə 7 il davam edən qarşıdurmalarda 233 min insan həyatını itirdi. Dünyanın ən yoxsul ölkələri sırasında olan Yəməndə vətəndaş müharibəsi səbəbindən böyüyən humanitar böhran dəhşətli həddə çatıb.

BMT-nin məlumatına görə, təxminən 30 milyon əhalisi olan Yəməndə 22 milyondan çox insanın yardıma və müdafiəyə ehtiyacı var.