Zərdabda şəhid Faiq Vəlizadənin ildönümü qeyd olunub ANIM

25 Oktyabr 2021 13:52 (UTC+04:00)

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Faiq Bayraməli oğlu Vəlizadənin ildönümü ilə əlaqədar olaraq, Zərdab rayon Alıcanlı kəndində anım mərasimi keçirilib. Tədbirdə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova və bir qrup fəal YAP üzvləri, rayon icra hakimiyyəti aparatının nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, DTX-nin Zərdab rayon şöbəsinin rəisi, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, Gənclər və İdman idarəsinin rəisi və Təhsil şöbəsinin müdiri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

Daha sonra iştirakçılar şəhidin doğulub boya-başa çatdığı evində olmuş, vəfatının ildönümündə iştirak etmiş, ailə üzvləri və yaxınları ilə görüşmüşlər. Mərasimdə qəhrəman şəhidimizin döyüş yolu barədə söhbət açılmış, valideynlərinə başsağlığı verilmişdir. RİH-nin başçısı Mərdan Camalzadə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Faiq kimi igid əsgər və zabitlərimizin müharibə dövründə fədakarlıq göstərərək, qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verdiyini və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Zümrüd BAYRAMOVA