Qusarda şəhid Ağa Ağayevin anım mərasimi keçirilib ANIM

25 Oktyabr 2021 13:49 (UTC+04:00)

Qusar rayonunun Yeni Həyat kəndində Vətən müharibəsinin şəhidi Ağayev Ağa Əli oğlunun ildönümü mərasimi keçirilib. Anım mərasiminə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları, kənd ictimaiyyətinin nümayəndələri qatılıb.

Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib və ruhuna dualar oxuyub, məzarına gül dəstələri düzüblər. Şəhid ailəsi ilə söhbət zamanı Milli Məclisin deputatı Azər Badamov ailənin qayğıları ilə maraqlanıb və onları narahat edən məsələlərin tezliklə həll ediləcəyini qeyd edib. Şəhidin atası Əli Ağayev onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib. Qeyd edək ki, Vətən müharibəsin şəhidi Ağa Ağayev döyüşlərdə göstərdiyi cəsurluğuna görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Nəzakət ƏLƏDDİNQIZI