"Prezidentin İstanbula səfəri çox mühüm əhəmiyyətə malikdir" - MÜNASİBƏT BİLDİRİLDİ

25 Oktyabr 2021 13:25 (UTC+04:00)

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin İstanbula noyabr ayında nəzərdə tutulan görüşü təsadüfi deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, oktyabr ayının 26-da Füzuli hava limanında keçiriləcək görüş Azərbaycan və Ermənistan arasındakı sərhəd məsələsinin həllini gündəmə gətirir və eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atılır: “Nəzərə alaq ki, Azərbaycan bir neçə ermənini geri qaytarandan sonra xoşməramlı addım atdı. Rusiya da bu xoşməramlı addımı yüksək dəyərləndirərək Ermənistan tərəfinə bildirdi ki, Azərbaycan ilə münasibətləri yeni müstəviyə keçirmək lazımdır. Ona görə də, Paşinyan elan etdi ki, biz heç kəsin ərazi iddiasında deyilik. Yəni bu o deməkdir ki, birmənalı şəkildə artıq Ermənistan Qarabağı yadından çıxarıb. Eyni zamanda Paşinyan həm Azərbaycan ilə, həm də Türkiyə ilə sərhədlərin açılmasını istəyir. Nəzərə alsaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Rusiya Azərbaycan ilə Ermənistandan başqa heç kimi istəmir ki, bu məsələyə qarışsın. Təbii ki, Azərbaycanın da bölgədə tək partnyoru Türkiyədir. Burada müəyyən məsələlər müzakirə oluna bilər.

Azərbaycan Prezidentinin İstanbula səfəri çox mühüm əhəmiyyətə malikdir. Bu səfərdə gələcək perspektivlərlə bağlı müəyyən məsələləri aydınlaşdırmaq, Azərbaycan-Türkiyə münasibətlərinin daha hansı müstəviyə keçəcəyi barəsində mövzular müzakirə oluna bilər. Bu səfər həmçinin də Vətən müharibəsindən sonra cənab Prezidentin ilk rəsmi səfəridir”.

Arzu Qurbanzadə