Azad Qubadlı ölkəmizin ən abad guşələrindən birinə çevriləcək

25 Oktyabr 2021 12:03 (UTC+04:00)

Elməddin Quliyev

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

44 günlük Vətən müharibəsindən bir il keçsə də, Azərbaycan xalqının qəhrəmanlıq dastanı əbədi olaraq yaddaşlarda yaşayacaq. Çünki torpaqlarımızın işğaldan azad olunması üçün başlayan böyük Zəfər yürüşü qısa müddət ərzində Qələbə salnaməsinə, çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrinə çevrildi.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin hər anı – hər məqamı tarixdir. Bu mənada, ötən ilin bu günü Azərbaycan Ordusunun 30 ilə yaxın davam edən işğala son qoymaqla Qubadlını hərbi-siyasi əsarətdən xilas etməsi də qürur mənbəyimiz, şərəf tariximizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 25-də yazdığı tvit “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlıda böyük sevinc və fəxarət hissi yaratmaqla yanaşı, xalqımızın qələbəyə inamını, qəhrəman əsgər və zabitlərimizin döyüş əzmini daha da gücləndirdi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu inamla və qətiyyətlə hədəfə doğru irəlilədi, qarşısında duran əsas vəzifəni – torpaqlarımızın işğaldan azad olunması missiyasını şərəflə yerinə yetirdi.

Qubadlının işğaldan azad olunması böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Ərazinin təbii-coğrafi xüsusiyyətləri, şəhərdə ermənilərin güclü istehkam qurmaları, düşmənin yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açması ciddi çətinliklər yaradırdı. Amma rəşadətli Azərbaycan Ordusu öz peşəkarlığını, iradəsini və əzmini ortaya qoyaraq Qubadlını işğalçılardan təmizlədi, tarix yazdı və tarixə yazıldı. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər”.

Əlbəttə, Qubadlının azadlığa qovuşması təkcə milli qürurumuzun və ləyaqətimizin bərpası deyildi, eyni zamanda, bizi qələbəyə aparan çox mühüm strateji üstünlüklər yaratmışdı. Bu, ilk növbədə, Azərbaycan Ordusunun Laçın rayonuna doğru irəliləməsi üçün vacib imkanlar yaratdı. Bu, ümumiyyətlə, Azərbaycan Ordusunun irəliləyişi, işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələrinin çöküşü – iflası demək idi. Nəticədə, Silahlı Qüvvələrimizin hər gün – mütəmadi olaraq irəliləməsindən, torpaqlarımızın ard-arda işğaldan azad olunmasından sonra Ermənistanın onun üçün kapitulyasiya aktı sayılan sənədə - üçtərəfli Bəyanata imza ataraq digər ərazilərimizi də boşaltmaq öhdəliyini götürdü. Bu isə Azərbaycanın mütləq Qələbəsi – tarixi Zəfəri idi.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə nəhəng bərpa-quruculuq işləri aparılır, Azərbaycanın müasir siması yenilənir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə tarixi səfərləri fonunda Azərbaycan xalqının Zəfər yürüşü davam edir, dünya ictimaiyyəti tarixi anlara şahidlik edir. Heç şübhəsiz, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, azad Qubadlı da ölkəmizin ən abad guşələrindən birinə çevriləcək!

P.S. Qubadlının işğaldan azad olunması mənim üçün ikiqat sevincdir. Çünki doğulduğum Qubadlı məhz ad günümdə - 25 oktyabr tarixində işğaldan azad edilib və bu, həyatımın ən böyük hədiyyəsidir. Buna görə Müzəffər Ali Baş Komandanımıza, qəhrəman Azərbaycan Ordusunun tarix yazan igid əsgər və zabitlərinə minnətdarlıq edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. yap.org.az