"Azərbaycan dövləti vətəndaşın sağlamlığını, həyatını düşünür" - MÖVQE BİLDİRİLDİ

25 Oktyabr 2021 11:25 (UTC+04:00)

"Ümumiyyətlə, Azərbaycanda dövlətin apardığı siyasət birmənalı olaraq vətəndaşın rifahını, can güvənliyini yüksək səviyyədə tutmağa yönəlib. Bu baxımdan koronavirusla bağlı vəziyyət də istisna deyil. Dövlət mümkün olan hər şeyi edir ki, yoluxma halları azalsın, insanların sağlamlığı güvəncə altında olsun". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, əlbəttə ki, bizdən asılı olan, yəni Azərbaycan dövlətindən asılı olan nə mümkündürsə edilib. Amma təəssüflə qeyd etməliyik ki, bu bir pandemiyadır. Yəni, bizdən asılı olmayan hallar da var.

Azər Həsrət bu haqda fikrini belə izah edib: "Nəticə etibarı ilə həmin hallar insanların xəstələnməsinə, hətta bəzən də dünyasını dəyişməsinə səbəb olur. İndi xüsusən də bu təhsil sahəsində görülən işlər müəyyən narahatlıqlara gətirib çıxarıb. Çünki təhsil elə bir sahədir ki, burada fasiləyə yer vermək olmaz. Bu davamlı bir prosesdir. Mümkün deyil ki, bu prosesi dayandırıb yüksək nəticələr əldə edilsin. Bu baxımdan Azərbaycan dövləti yenə də hər şeydən öncə vətəndaşın sağlamlığını düşünürək təhsilin davam etdirilməsinə şərait yaradır. Lakin bütün dünyada olduğu kimi əgər Azərbaycanda da vəziyyət nəzarətdən çıxarsa, həqiqətən, daha ciddi təhlükə ilə üz-üzə qalarıqsa təhsildə ara verilməsi, yaxud da onlayn təhsil metodunun seçilməsi mümkündür. Necə ki, ötən il ərzində belə edildi. Nəticə etibarı ilə bu çox effektiv oldu. Çünki insanların sağlamlığı qorundu. Bu hər şeydən öndədir. İndi isə vəziyyət bir qədər fərqlidir. Hazırda fiziki olaraq şagirdlər, tələbələr məktəblərə, universitetlərə gedib dərslərdə iştirak edə bilirlər. Bununla birlikdə dərslərin birdəfəlik qapadılması halı da istisna deyil. Hər halda biz durumdan asılı olaraq dövlətin atacağı addımları gözləməliyik. Ümumillikdə isə mən düşünürəm ki, Azərbaycan dövləti yenə də hər şeydən öncə vətəndaşın sağlamlığını, həyatını düşünür. Buna görə də, insanlarımız dövlətin bu yöndə atdığı addımları anlayışla qarşılamağa davam edərsə, bu ümumi işin faydasına olacaq".