Könüllülər şəhid ailələrini ziyarət edib

25 Oktyabr 2021 08:24 (UTC+04:00)

“Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihə çərçivəsində gənc könüllülər tərəfindən şəhid ailələri ziyarət olunub. Layihə “Gəncliyə dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli bildirib ki, layihənin iştirakçısı olan bir qrup gənc könüllü Praktik Fəaliyyət zamanı əvvəlcə Zərdabda II Qarabağ müharibəsində şəhid olmuş Anar Məmmədzadənin ailəsini ziyarət edib, onun yaşadığı evdə şəhidlə bağlı hazırlanmış fotosərgiyə baxıblar. Görüş şəhidlərimizin cəsurluğundan, mərdliyindən bəhs edilib. Xüsusilə qeyd olunub ki, Vətən üçün canından keçmiş şəhidlərimizin comərdliyi hər bir gəncə nümunə olmalıdır.

Gənc könüllülər Birinci Qarabağ müharibəsində şəhid olmuş Zərdabın ilk şəhidi Samir Abdullayevin də ailəsini də ziyarət ediblər.

Layihənin məqsədi regionlarda yaşayan gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir.