Ukraynalı rəssamın “Azərbaycan xalçası” Florensiyada

25 Oktyabr 2021 08:11 (UTC+04:00)

Ukraynalı rəssam İrina Benderovskaya XIII Florensiya Biennalesində “Azərbaycan xalçası” adlı əsərlər ilə iştirak edir.

Hazırda Polşada yaşayan İ.Benderovskaya verdiyi müsahibəndə deyib: “Bir neçə ildir ki, Azərbaycan mövzusunda rəsmlər çəkirəm. Sərgiyə təqdim etdiyim əsərlər Azərbaycanın xalça ornamentlərinə həsr olunub. Rəsmlərdə müasir və Avropa elementlərindən geniş şəkildə istifadə edərək Azərbaycanın xalça sənətini tanıtmağa çalışıram. Azərbaycanın müxtəlif bölgələrindəki ornamentlərin simvolizmi, hər bir elementin dərin mənası və fərqliliyi məni cəlb edir. Bu elementlər Şərq müdrikliyini, xalqın mənəviyyatını və mədəniyyətinin xarakterini özündə ehtiva edir. Bu xüsusi kolleksiyamı daha geniş auditoriyaya göstərmək üçün Florensiya Biennalesinə müraciət etdim. İndi incəsənət nümayəndələrini, qalereya sahiblərini Florensiya Biennalesində “Azərbaycan xalçası” adlı əsərlərimlə tanış etməkdən şərəf duyuram. Sərgi iştirakçıları rəsm əsərlərinin yaranma tarixinə böyük maraq göstərirlər. Qonaqlara konsepsiyanın dərin məna və məzmunu haqqında ətraflı məlumat verirəm”.

“Azərbaycan xalçası” seriyasından bəzi əsərlərinin Biennalenin kataloquna daxil edildiyini söyləyən rəssam həmin kataloqun İtaliya, eləcə də Avropa kitabxanalarına (London, Paris, Madrid və sair) veriləcəyini bildirib: “Həmçinin Biennale sayəsində bu əsərlər Varşavadakı Polşanın ən nüfuzlu incəsənət ocağı olan Adam Mitskeviç İnstitutunun diqqətini cəlb edib və rəsmlər institutun sosial şəbəkələrində yerləşdiriləcək. Şadam ki, “Azərbaycan xalçası” kolleksiyası Avropada getdikcə daha çox pərəstişkar tapır”, - deyə rəssam əlavə edib.

Qeyd edək ki, “Fortezza Da Basso” qalereyasında oktyabrın 31-dək davam edəcək sərgidə 40-dan çox ölkədən 460 rəssamın 1000-dək əsəri təqdim olunur.