Ağdaşın Tofiqli kəndində şəhidin xatirəsi yad edilib

24 Oktyabr 2021 22:14 (UTC+04:00)

Ağdaş rayonunun Tofiqli kəndində Vətən müharibəsi şəhidi Bəxtiyar Mənsur oğlu Maxsudovun vəfatının ildönümünə həsr edilən anım mərasimi keçirilib. Rayon rəhbərliyinin, şəhid ailələrinin, kənd sakinlərinin, məktəblilərin iştirak etdikləri mərasim şəhidin uyuduğu kənd qəbiristanlığında, məzarı yanında olub. SİA xəbər verir ki, “Vətənin igid oğlu” adı ilə keçirilən mərasimin iştirakçıları əvvəlcə şəhid Bəxtiyar Maxsudovun məzarı üstünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda şəhidin qısa, şərəfli ömür yolundan xatirələr söylənilib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışılıb, bu qələbənin sevincini xalqına bəxş edən Bəxtiyar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qeyd edək ki, Bəxtiyar Mənsur oğlu Maxsudov 1996-cı il oktyabrın 1-də Ağdaşın Tofiqli kəndində anadan olub. 2003-cü ildə kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2014-cü ildə orta məktəbi bitirib. Həmin ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin işğalçı erməni silahlı qüvvələrindən azad edilməsi uğrunda döyüşlərdə fədakarlıqla vuruşub. Hərbi xidmətini başa vurub evə qayıdan Bəxtiyar ötən il sentyabrın 27-də erməni işğalçılarının təxribatına qarşı başlanan Vətən müharibəsində cəbhəyə gedib. Evlərinə son zəngi oktyabrın 23-də olub. Oktyabrın 24-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid, Tofiqli kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sora “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.