Əliyevin addım-addım gedən Zəngəzur strategiyası - Aydın Quliyev yazır..

23 Oktyabr 2021 17:22 (UTC+04:00)

"Hadisələrin gedişi göstərir ki, biz hədəfə yaxınlaşırıq". Prezident İlham Əliyevin Zəngilandakı bəyanatlarından biridir bu. Zəngəzur dəhlizi ilə bağlı gedən prosesləri nəzərdə tutdu.

Azərbaycan Zəngəzur dəhlizinin gerçəkləşməsinə doğru həqiqətən addım - addım irəliləyir. Buna hədəfə doğru mərhələli proses də demək olar. Beləliklə, Zəngəzur dəhlizinin reallaşmasına doğru getdiyimiz yolun mərhələləri aydın görünür. Hər bir mərhələnin həlledici fiqurunun Azərbaycan prezidenti olan bu proses zahirən asan təsir bağışlasa da, mahiyyətində olduqca mürəkkəb geosiyasi mətləbləri daşıyan çətin prosesdir. Həm də tam mənada onun gerçək olacağı zamanı indidən dəqiq demək mümkün deyil. Çünki Zəngəzur dəhlizi Zəngilandan Ordubada kimi qədim Zəngəzurun ərazisindən keçən avtomobil və dəmiryolundan ibarət sadə bir infrastruktur kimi təsəvvür olunmamalıdır. Ən azı onu nəzərə alaq ki, Zəngəzur dəhlizi və regionumuzda hələlik hipotetik xarakter daşıyan "3+3" formatı bir - biri ilə üzvü şəkildə bağlıdır. Belə ki, Zəngəzur dəhlizinin tam gücü ilə işləməsi üçün "3+3" formatı daxilində əməkdaşlıqlar da işə düşməlidir. Əks halda Zəngəzur dəhlizi yalnız Azərbaycanın, İran, Türkiyə və Ermənistanın bəhrə götürə biləcəyi layihə olmaqla məhdudlaşa bilər. "3+3" formatının işə düşmədiyi təqdirdə Zəngəzur dəhlizinin böyük imkanları Gürcüstan və Rusiya üçün qapalı qalacaq. Elə məhz Rusiya- Gürcüstan münasibətləri üzündən "3+3" formatı hələlik potensial olaraq qalır.

Ancaq bütün hallarda Azərbaycanın Zəngəzur dəhlizinin imkanlarından bəhrələnmək perspektivi yerindədir. Çünki dəhliz ən başlanğıcdan məhz Azərbaycan layihəsidir, onun şərikli iki müəllifindən biri Putin olsa da yeganə təşəbbüskar müəllifi Azərbaycan prezidentidir. Bu faktor dəhlizin reallaşması üçün ortaya çıxan maneələrin dəf edilməsində Azərbaycan prezidentini ən ardıcıl, həlledici və prinsipial aktor mövqeyində möhkəmləndirir. Bu günə qədər dəhliz məsələsində hansısa həddə qədər görülmüş işlər məhz prezident Əliyevin aktivindədir. Söhbət Horadizdən Zəngilana, Ordubaddan isə Türkiyə sərhədlərinə qədər görülmüş real infrastruktur işlərindən gedir. Dəhlizin Qərbi Zəngəzurdan keçən 40-45 kilometrlik hissəsində isə iş görmək birbaşa Azərbaycandan asılı olmasa da, ən sonda İlham Əliyevin dediyi kimi bu işlərin də "zorla da olmuş olsa" icrasına nail olacağıq.

Beləliklə, Zəngəzur dəhlizi prosesinin keçdiyi və keçəcəyi mərhələlər hansıdır?

Birinci, İlham Əliyevin təşəbbüsü və təkidi ilə 2020 - ci ildə 10 noyabr razılaşmasına Zəngəzur dəhlizi barədə ayrıca maddənin salınması ilk mərhələ kimi gözdən keçirilə bilər.

2. 2021- ci il yanvarın 11-də imzalamış sənədə müvafiq olaraq üçtərəfli işçi qrupun yaradılması Zəngəzur dəhlizinə birbaşa dəxli olmaqla onun növbəti mərhələsi sayıla bilər.

3. İlkin başlanğıcda Ermənistan dəhlizə daha aqressiv və uyğunsuz ultra - şovinist mövqedən yanaşdığı halda bu gün müşahidə olunan xeyli yumşalmalar bu ölkədə dəhlizin roluna daha praqmatik baxan siyasi dairələrin dominant mövqelərdə möhkəm qərarlaşdıqlarını deməyə əsas verir. Ermənistanın mötədil mövqeyə keçməsi dəhliz proseslərinin daha bir vacib mərhələsidir.

4. Valday klubunda Rusiya prezidenti Putinin Ermənistan üçün dəhlizin faydalarını xırdalaması əslində Ermənistanın üstünə konkret məsuliyyət qoyan yeni mərhələ kimi qiymətləndirilə bilər.

5. Hələ aylar öncə İlham Əliyevin "Zəngəzur dəhlizi təkcə dəmiryolundan ibarət deyil və orada avtomobil yolu da olmalıdır" kimi bəyanatı onun tam formatda ərsəyə gətirilməsini təmin edən növbəti mərhələdir.

6. 2021- ci ilin iyulunda İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi zonasını yaratması strategiyanın reallaşması tarixinə mühüm hadisələrdən biri kimi yazıldı.

Nəhayət, Azərbaycanla sərhəddə və Zəngəzur xəttində İranın körüklədiyi və sonra geri çəkilməyə məcbur olduğu gərginlik dəhlizin reallaşmasında xüsusilə vacib mərhələdir. Çünki bu mərhələ İranlı - iransız dəhlizin gerçəkləşdirilməsinin artıq geri dönüşü olmadığını parlaq nümayiş etdirdi. Bu nümayişin böyük mesajı budur ki, İran kimi maneəni aşdısa, demək Zəngəzur dəhlizi həm açılacaq, həm də yaşayacaq.

Aydın Quliyev

"Bakı Xəbər" qəzetinin Baş redaktoru