“Ruslar ikiüzlü və rəzil xainlərdir...”

23 Oktyabr 2021 04:18 (UTC+04:00)

“Bu gün ermənilərə olmazın xəyanət edən ruslar indi də bizim Azərbaycana “qaytardığımız” əraziləri bərpa etməyə girişiblər”.

Belə görünür ki, bunu incik bir tərzdə bəyan edən ermənilərin ruslardan “küsməyə” əsasları var.

İnanın ki, erməni etirafına görə, buna can dözməz, amma ermənilər hələ də dözüb dururlar. Əlacları baş verənlərə yazıq bir görkəmlə baxıb və ürəklərindəkini isə kiməsə danşmağa qalıb. Amma neyləyəsən ki, indi daha ermənilərə qulaq asmaq istəyən də yoxdur...Nə məsələdir?

“...44 günlük müharibədən sonra Rusiyanın iqtisadi operatorları azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazırdırlar”.

Bilirsiniz bunu kim deyib? Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, bu hələ nəymiş ki, Siz ardına baxın. Deməli, bu il iyulun 23-də Rusiya iqtisadi inkişaf nazirinin müavininin rəhbərlik etdiyi biznes missiyası əməkdaşlıq perspektivlərini müəyyən etmək üçün Bakıda olub. Noyabrın 17-18-də isə bir qrup Rusiya şirkətləri Azərbaycana yenidən səfər etməyi planlaşdırır.

Məsələ budur ki, “...bu istiqamətdə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının praktiki şəkildə həyata keçirilməsinin nümunələrindən biri də oktyabrın 4-də Cəbrayıl rayonunda keçirilən birgə KAMAZ servis mərkəzinin təməlinin qoyulması mərasimidir”.

Hə, indi erməni ruslara sual edir: ...yaxşı o vaxt Paşinyan birbaşa və ya diplomatik kanallarla Putindən “dost, qardaş” Ermənistanın köməyinə gəlməyi xahiş edəndə niyə gəlmirdiniz? Həmin o KAMAZ zavodunu “qədim erməni şəhəri Cəbrayıl” bizdə olanda niyə gəlib tikmirdiniz? Niyə, “tərəfdaşınız” biz ola-ola, azərbaycanlılarla işbirliyi yapırsınız? Niyə...

... Məncə buna erməni həyasızlığı demək azdır ...amma, məsələ bundadır ki, ermənilər belə düşünmürlər. Əksinə, bütün bu yaşananları rusların ikiüzlülüyü, alçaqlıqları kimi təqdim edirlər. Rusiyanın artıq onların dostu yox, erməni xalqının ondan mümkün qədər tez uzaq durması lazım olan rəzil bir xain olduğunu deyirlər.

Ağasəf Babayev