Əfqanıstanda tanınmış siyasi xadimlər və ölkənin devrilmiş rəhbərliyinin nümayəndələri “Taliban”a qarşı Milli Müqavimət Ali Şurasını yaradıblar.
SİA bu barədə rus mətbuatına istinad edir.
Şuranın yaradılması barədə müvafiq bəyannamə hazırda Özbəkistanda olan Əfqanıstan İslam Cəmiyyətinin liderlərindən biri Ata Məhəmməd Nurun feysbuk hesabında yayımlanıb.
“Şura “Taliban”ı tanımadığına görə beynəlxalq ictimaiyyətə minnətdarlığını bildirir, BMT və bütün dünya ölkələrini müxtəlif etnik qrupların və əfqan qadınlarının pozulmuş hüquqlarının bərpa edilməsinə köməyə çağırır”, – bəyanatda deyilir.
Bundan əlavə, siyasətçilər Əfqanıstan xalqını daxili zülmə, xarici təcavüzə və işğala qarşı çətin və uzunmüddətli müqavimətə hazırlaşmağa səsləyib.
Bəyanatda hərbçilərin öldürülməsi və həbsi, siyasi xadimlərin təqib edilməsi, vətəndaş zorakılığı kimi mənfi hallara qarşı mübarizənin vacibliyi bildirilir.
Yeni siyasi birliyin qurucuları “Taliban” tərəfindən hakimiyyəti ələ keçirməsinin səbəbinin total korrupsiya olduğunu qeyd ediblər.
Şura, həmçinin beynəlxalq ictimaiyyət və müxtəlif təşkilatları Əfqanıstan xalqına birbaşa humanitar yardım göstərməyə çağırıb.