Pakistanda iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb

23 Oktyabr 2021 02:23 (UTC+04:00)

Pakistanda qadağan olunmuş “Tehrik-i-Labbayk Pakistan” (TLP) radikal islam təşkilatının tərəfdarları ilə toqquşma zamanı 3 polis əməkdaşı həlak olub, bir neçəsi yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə Pencab vilayətinin Lahor şəhərində baş verib.

Bildirilib ki, oktyabrın 22-də şəhərin müxtəlif yerlərində etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub. Bir neçə min TLP tərəfdarı bir gün əvvəl elan edilmiş hökumət əleyhinə yürüşdə iştirak etmək üçün Lahordan İslamabada gedib. Lakin onlar şəhər polisi tərəfindən mühasirəyə alınıb.

Ekstremistlər polisə çubuqlar və daşlar, həmçinin "Molotov" kokteyli atmağa başlayıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Üç polis əməkdaşı həlak olub, daha bir neçəsi kritik vəziyyətdə xəstəxanalara çatdırılıb.