“İran Azərbaycanla bağlı reallığı dərk edib” - DEPUTAT ŞƏRH ETDİ

22 Oktyabr 2021 18:23 (UTC+04:00)

“Azərbaycan hökuməti hər zaman İrana qarşı qonşuluq münasibətlərinə uyğun davranıb. Lakin bu dəfə adekvat cavab verildi. Prezident İlham Əliyevin cənub qonşumuz haqqında açıq ifşaedici çıxışı öz nəticəsini verdi. Cənab Prezidentin bu dəfəki danışığı bir daha göstərdi ki, biz İranın təhdidlərinə boyun əyməyəcəyik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, cənub qonşumuz gördü ki, Azərbaycanın mövqeyi qətiyyətlidir: “Ona görə də İran rəsmilərinin yumşalma ritorikası gözlənilən idi. Çünki sərt reaksiya ilə qarşılaşdılar. Tehran şübhəsiz, geri addım atmalı idi. İkinci Qarabağ müharibəsindən sonra regionda elə bir reallıq yaranıb ki, bu reallıq tək bölgə ölkələri deyil, dünya tərəfindən qəbul olunur, dövlətimizin nüfuzu gündən-günə güclənir. Dövlətimizin siyasətinin əsasında milli maraqların təmin olunması durur. Torpaqlarımızı güc, hərbi-siyasi yolla azad etdik. Artıq İran Azərbaycanla bağlı reallığı dərk edib və indi vəziyyət tamam fərqli istiqamətə yönəlib”.

“Cənubi Qafqazda əməkdaşlıq və qarşılıqlı əlaqələrə maraqlı olan bütün dövlətlər regionda atılan hər addımda Azərbaycanın maraqlarını nəzərə almalı, Azərbaycan dövlətinin maraqlarına zidd ola biləcək istənilən addımların qarşısında Azərbaycan dövlətinin dayanacağını bilməlidir. Azərbaycan dövləti güclü siyasi iradə ortaya qoyub və bundan sonra Azərbaycanla hesablaşmadan nə Azərbaycan ərazisində, nə də Cənubi Qafqazda hər hansı proseslərə başlamaq və həyata keçirmək mümkün deyil. Düşünürəm ki, artıq Azərbaycan-İran münasibətləri daha da yüksələn xətlə inkişaf edəcək, regionda davamlı sülhün bərqərar olmasına öz töhfəsini verəcəkdir”.

Ayşən Vəli