Vətəndaşların sosial rifahına hesablanmış növbəti uğurulu addım TƏHLİL

22 Oktyabr 2021 16:41 (UTC+04:00)

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – söyləyən Prezident İlham Əliyev hazırda da ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul etməkdədir. Dəfələrlə aztəminatlı ailələrin və sosial qayğıya ehtiyacı olan əhali qrupunun sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən sosial paketlər həyata keçirilib, həmin kateqoriyadan olan vətəndaşlara dövlət dəstəyi və qayğısı heç zaman azalmayıb. Rəqəmlərə müraciət edək: 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib, yəni 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. Ötən il pensiyaların orta aylıq məbləği 14 faiz artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6 faiz indeksasiya edilərək artırılıb, 1,2 mln. artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir. Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18 faiz artım olub. Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə artaraq ümumilikdə 74,4 min ailə təşkil edib. Hər bir ailəyə düşən orta aylıq məbləğ 2019-cu illə müqayisədə 15 faiz artaraq 238 manat təşkil edib. Sosial cəhətdən həssas təbəqə sayılan müharibə əlilləri və şəhid ailələrinə də 1500-ə yaxın mənzil və fərdi ev verilib. Bununla yanaşı pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək üzrə tədbirlər əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 12 min ailə proqrama cəlb olunub. Ümumilikdə bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb.

Prezident İlham Əliyev oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam vətəndaşların sosial rifahına hesablanmış növbəti uğurlu addımdır. Sərəncamda ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasının aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri olduğu vurğulanır, son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımların atıldığı qeyd olunur. Sənəddə deyilir ki, dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaradıb. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Bu islahat 1 milyonadək işçini əhatə edəcək

Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək.Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu, həm də onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclü bir dövlətə çevrilib, dövlətin və ölkə vətəndaşlarının mənafeyi ilə bağlı bütün addımları vaxtında atır. Bütün bu uğurlu sosial siyasət məhz son 18 ildə Prezident, Ali Baş Komandanımız İlham Əliyev cənablarının diplomatik siyasətinin reallığıdır ki, 30 illik həsrətə son qoyuldu. Sözsüz ki, bu, dövlət başçımızın dediyi kimi: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”.

Ümumiyyətlə, Prezident İlham Əliyev sosial siyasətlə iqtisadi siyasətin vəhdətini elə bir çevik tərzdə tənzimləyir ki, bu, həm zəngin dövlət, varlı vətəndaş prinsiplərinə gətirib çıxarmaqdadır. Çünki dövlət başçısı İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut etdi ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir.

RƏFİQƏ KAMALQIZI