“Dəmir yumruğ”un gücü ilə tarixi dəyişən 44 gün... ŞƏRH

22 Oktyabr 2021 15:03 (UTC+04:00)

Cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın “status-kvo”nu ürəyində qalsın. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də dəfələrəl bildiridi ki, “status-kvo” artıq yoxdur: “Status-kvo” deyilən məsələ yoxdur. Qurtardı getdi. “Status-kvo” belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orda, döyüş meydanında. “Status-kvo” yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq”. Bəli, “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi. Ermənistan bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərməsinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu «Dəmir yumruğ»un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.

Bir sözlə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın 44 gün davam edən İkinci Vətən Müharibəsi işğala həmişəlik son qoydu. Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.Ali Baş Komandanımız, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı da bildirdi ki, 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq: "Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq”.

Elə bu günlərdə Ali Baş Komandanımız, Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirb ki, biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik: “Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir”.Dövlət başçısı görüşündə həm də işğalçı Ermənistana öz mesajlarını da səsləndirərək bir daha bildirib ki, otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur: “Bəs, haradadır bunların müzəffər ordusu? Haradadır yenilməz erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı".

Dövlətimizin başçısı onu da vurğuladı ki, Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, belə dibdən-kökdən məhv etmişik: “Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib”. “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi.Ən əsası isə bütün bu uğurlar, məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli addımı, mövqeyi və nəhayət yürütdüyü “Dəmir yumruq” siyasəti dayanır. Bir sözlə, Prezidentimizin çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində dediyi kimi: “Bu yumruq elə-belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Artıq qələbəmizdən bir il ötür. Bu bir il ərzində işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəs alan torpaqlarımıza hər səfəri zamanı Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq. Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur mübariz, igid əsgərlərimizin rəşadəti! Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın Qələbəsidir! Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Çünki Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü