Şəmkir şəhərində şəhid Zaur Nəbiyevin xatirəsi əbədiləşdirilib

22 Oktyabr 2021 13:07 (UTC+04:00)

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaur Nəbiyevin xatirəsi əbədiləşdirilib. Açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyəti və YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər və müharibə iştirakçıları, şəhidin yaxınları iştirak ediblər. Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev abidənin inşasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığı və Vətən sevgisindən danışıb. İcra başçısı 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən danışan F.Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə Zaur Nəbiyevin timsalında bütün Şəmkir şəhidlərinin şücaətindən danışıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq. Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhid ailələri və qazilər çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Rəfiqə