“Gələcəkdə bu sahə daha sürətlə inkişaf etdiriləcək” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

22 Oktyabr 2021 12:19 (UTC+04:00)

Ölkədə aqrar sahənin inkişafına göstərilən qayğı və diqqət bu gün real nəticələrdə özünü göstərməkdədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, sahibkarlara yaradılan şərait, təsərrüfatların inkişafı üçün müəyyən imtiyazların verilməsi, subsidiyaların ödənilməsi, vergi güzəştlərinin edilməsi, xidmətin asanlaşdırılması, kənd təsərrüfatı məhsullarının atrtımına imkan yaradıbdır.

“2020-ci ilin yanvar-sentyabr ayları ərzində əldə olunan göstəricilər bunu deməyə bir daha əsas verir ki, həmin aylarda Azərbaycanda 7,3 milyard manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 7,4 faiz çoxdur. Qeyd olunan dövrdə Azərbaycanda heyvandarlıq sahəsində məhsul istehsalı 3,4 faiz artıb, bitgiçilik sahəsində istehsal 10 faiz artaraq yaxşı nəticələr əldə olunubdur.

Əlbəttə ki, aqrar sektorun inkişafı bu gün qarşıda duran ən başlıca vəzifələrdən biridir və bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin gördüyü tədbirlər, imzaladığı sərəncamlar gələcəkdə inkişafın daha da sürətlənməsinə zəmin yaradır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Zəngilan rayonunda olarkən bilavasitə ağıllı kənd, layihəsi çərçivəsində görülən işlərlə tanışlıq zamanı bu sahənin vacibliyini qeyd edib və xatırladıbdır ki, ölkədə aqrar sektorun inkişafı bilavasitə yeni iş yerlərinin yaradılması, eləcə də əhalinin rifah halının yaxşılaşdırılması üçün vacib şərtlərdən biridir.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən ağıllı kənd layhiəsi çərçivəsində görülən işlərlə tanışlıq bir daha deməyə əsas verir ki, gələcəkdə bu sahə daha sürətlə inkişaf etdiriləcəkdir. Bu gün Zəngilanda ağıllı kənd layihəsinin həyata keçirilməsi, digər regionlarda da bu layihələrin tətbiqi üçün yeni layihələrin hazırlanması, sözsüz ki, aqrar sektorun inkişafı üçün vacib şərtdir və həmin tanışlıq zamanı bilavasitə Zəngilanda torpaqların hazırlanması, gələcək üçün əkin tədbirlərinin görülməsi ilə əlaqədar qarşıda duran vəzifələr müəyyən olunubdur. Bildirilibdir ki, artıq həmin ərazilərdə torpaqlar əkin üçün hazırlanıbdır və 600 hektar ərazinin 412 hektarı minalardan təmizlənib və tez bir zamanda həmin sahələrdə əkin aparılacaqdır. Sözsüz ki, belə layihələrin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafı üçün vacibdir və gələcəkdə aqrar sektorun daha sürətlə inkişafına zəmin yaradır”, deyə Tahir Rzayev bildirib.