3-cü doza vaksinasiya sürətləndirilməlidir - ƏKS TƏQDİRDƏ.... - HƏKİM-İNFEKSİONİST AYDINLIQ GƏTİRDİ

22 Oktyabr 2021 12:16 (UTC+04:00)

“Azərbaycanda COVİD-19 virusunun bu mutasiyasına bu günə qədər yoluxan olmayıb. Bu növ, əsasən, İsrail, Rusiya və Türkiyədə yayılmağa başlayıb. Biz bundan sonra da COVİD-19 virusunun yeni növlərini görəcəyik. Mutasiyaya uğramaq bu xəstəliyin bioloji xüsusiyyətidir”. Bu fikirləri SİA-ya açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Həkimin sözlərinə görə, yeni mutasiya baş verdikdə ilk vaxtlar güclü yayılır: “Bu da çox insanın xəstələnməsinə səbəb olur. Sonradan vaxt keçdikcə zəifləyir. COVİD-19 virusunun yeni mutasiyasına görə təşvişə düşməyə ehtiyac yoxdur. Ümumən, COVİD-19 virusuna yoluxanların əgər yan xəstəlikləri varsa, həmin şəxslər xəstəliyi ağır keçirirlər”.

V.Cavadzadə vurğulayıb ki, son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayı getdikcə artır: “Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması vacibdir. Xüsusən, tibb işçiləri, xidmət sahələrinin işçiləri, yaşı 65-dən yuxarı şəxslərin 3-cü doza vaksinasiyası sürətləndirilməlidir. Ümumiyyətlə, hamı üçüncü doza peyvədi vurdurmalıdır. Həmçinin, insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlaması, qapalı məkanlarda maskadan istifadə etməsi vacibdir".