"İnsanlar mənzil və işlə təmin ediləcək" - DEPUTAT ŞƏRH ETDİ

22 Oktyabr 2021 11:29 (UTC+04:00)

“Cənab Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərimizin azad edilməsinin ildönümündə həmin rayon mərkəzlərinə səfər etməsi bir çox məsələlərdən xəbər verir. İlk növbədə qısa bir zamanda həmin regionların bərpası və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün çox ciddi hazırlıq işləri görülüb, infrastrukturlar qurulub, ərazilər minalardan təmzilənib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, rayon mərkəzlərinin baş planları hazırlanıb: “Əvvəlki rayon mərkəzlərinin sadəcə bərpa edilməsi deyil, bu müasir dövrün tələblərinə cavab verən tək aqrar sektorla deyil, iqtisadiyyatın başqa sektorları ilə məşğul olacaq bir regionun planlarının qurulmasıdır”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezidentin Zəngilana səfəri onun Füzuli səfərinin məntiqi nəticəsidir. Zəngilan bir logistik mərkəzə çevrilir. Zəngilanda hava limanı tikilir və bu hava limanı bütün növ təyyarələri qəbul edəcək. Bu isə regiona həm turistlərin səfərinin, həm də iş adamlarının burada müvafiq fəaliyyət göstərmək üçün şərait yaradılmasına böyük dəstək olacaq”.

“Həmçinin, Zəngilan Azərbaycanın işğaldan azad olunan rayonları üçün xüsusi yer tutur. Artıq üç kənddə müasir qəsəbələr salınır və bu ilin axırı, gələn ilin əvvəlinə cənab Prezidentin bildirdiyi kimi, məcburi köçkünlərin ora qayıtması qayıdışın böyük başlanğıcı olacaq. İnsanlar mənzil və işlə təmin ediləcək. Onlar həyatlarını müasir sistem əsasında qura biləcəklər. Sosial obyektlər, xəstəxana, məktəb, mədəniyyət ocağı, hətta kəndlərdə parkın salınması onu göstərir ki, işğaldan azad olunan torpaqların yeni siması yalnız Azərbaycan üçün deyil, müasir yaşayış nümunələrindən birinə çevrilə biləcək”.

Ayşən Vəli