Xaricdəki narkotacirə kuryerlik edən şəxs ələ keçdi

22 Oktyabr 2021 10:44 (UTC+04:00)

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Mirzəyev saxlanılıb. Onun üzərindən külli miqdar çəkidə heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun göndərdiyi narkotik vasitələrin müxtəlif şəxslərə çatdırılmasını və satışını təşkil etdiyi, eyni zamanda özünün və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitlərinin xaricdə yaşayan narkotacirə çatdırılmasını təşkil etdiyi məlum olub. Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Vahid Nəzirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.