Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 350-dən 1700 AZN-dək - VİDEO

22 Oktyabr 2021 10:38 (UTC+04:00)

"İşsiz və iş axtaran vətəndaşlarımıza şad xəbərimiz var. Artıq işğaldan azad olunan ərazilərimizdə gedib işləmək üçün imkanlar yaradılır. Dövlət Məşğulluq Agentliyinin məşğulluq alt sistemində işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Əməkhaqları isə 350 manatdan 1700 manata qədərdir. Artıq bu vakansiyalar üzrə işlə təmin olunanlar da var. İşğaldan azad olunmuş rayonlar üzrə iş vakansiyaları elan olunub. Artıq işsiz və iş axataran vətəndaşlar yüksək əməkhaqları ilə bu ərazilərdə işçi kimi çalışa bilərlər". SİA-nın verdiyi məlumata görə, bunu "XəzərXəbər"ə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova deyib.

Onun sözlərinə görə hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanları mövcuddur. Vətəndaşlar üçün Cəbrayıl, Ağdam, Xocavənd və digər rayonlar üzrə iş imkanları yaradılıb.

Fatimə Ələkbərova bildirib ki, işğaldan azad olunmuş rayonlar üzrə məşğulluq alt sisteminə 100-dən artıq vakansiya yerləşdirilib. Departament müdiri vurğulayıb ki, işəgötürənlər işğaldan azad olunmuş ərazilər üzrə vakansiyaları Məşğulluq Alt Sistemindəki vakansiya bankında yerləşdirdiyi təqdirdə bir çox sosial proqramlardan yararlanacaqlar. Belə ki, sosial proqramlar çərçivəsində əməkhaqqının birgə maliyyələşdirilməsi imkanları da mövcuddur.

Fatimə Ələkbərova əlavə edib ki, artıq 10 gün ərzində 6 nəfər işğaldan azad olunmuş rayonlarda işlə təmin olunub. Qeyd edək ki, internetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar öz əraziləri ürə məşğulluq filiallarına yaxınlaşaraq vakansiyalar barədə məlumat əldə edə bilərlər.