YAP Mərkəzi Aparatında dəyirmi masa keçirilib YENİLƏNİB-FOTOLAR

21 Oktyabr 2021 19:35 (UTC+04:00)

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada Milli Məclisin komitə sədrləri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, hərbi, siyasi ekspertlər, QHT rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir dövrdə hər bir ölkənin gücünü müəyyən edən əsas amillərdən biri milli həmrəylik faktorudur. Həmrəylik, əsas etibarilə, cəmiyyətin ümummilli məsələlər ətrafında səfərbər edilməsindən, toplumun mənəvi-siyasi enerjisinin milli maraqların qorunmasına yönləndirilməsindən asılıdır. Tarixi faktlar və reallıqlar təsdiq edir ki, burada əsas - aparıcı amil lider faktoru və ya liderlik fenomenidir.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda xalq-lider birliyi, yəni milli həmrəylik amili həm müstəqilliyimizin, suverenliyimizin qarantı, həm də davamlı uğurlarımızın təminatçısıdır: “Ümumiyyətlə, müstəqillik dövrünün prosesləri və reallıqları təsdiqləyir ki, milli həmrəylik xalqımız, dövlətimiz üçün taleyüklü anlarda həlledici faktor kimi çıxış edib. Ümummilli lider Heydər Əliyev Azərbaycanda milli həmrəyliyi təmin etməklə sabitliyin və təhlükəsizliyin qorunmasına, inkişafın davamlı prosesə çevrilməsinə nail ola bilib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində həmrəylik Azərbaycan dövlətinin milli gücünü artıran amillərdən biri olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində isə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb və ölkəmizin dünya birliyində layiqli yer tutmasını şərtləndirib. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə isə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi Azərbaycanın tarixi qələbəsinin əsasında duran ən mühüm amildir”.

Tahir Budaqovun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərdilər, müxtəlif xalqların nümayəndələri yumruq kimi birləşərək döyüş meydanına atıldılar, gənclərimiz Vətənin bütövlüyü uğrunda mübarizəyə qatılaraq şərəf və şanlı qürur tarixi yazdılar. İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bir daha sübuta yetirildi ki, güclü – qüdrətli Azərbaycan mürəkkəb beynəlxalq şərtlərə və şəraitə, bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, istənilən strateji hədəfini reallaşdırmaq əzmində və iqtidarındadır!

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Prezident-Xalq-Ordu birliyinin təntənəsi olan möhtəşəm qələbənin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub: “Azərbaycan öz milli gücü, hərbi-siyasi resursları ilə işğal faktına son qoymaqla - münaqişəni və separatizm faktını aradan qaldırmaqla yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırıb. Yeni reallıqlar fonunda şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpa olunması regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir. Bütün bunlar xalq-lider birliyinin postmüharibə dövründə də Azərbaycanı siyasi-diplomatik və sosial-iqtisadi müstəvidə mühüm uğurlara daşıdığını, ölkəmizin qarşısında parlaq perspektivlər açdığını göstərir. Reallıqlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da Prezident-Xalq-Ordu birliyi sayəsində öz mövqeyini daha da möhkəmləndirəcək, siyasi və iqtisadi imkanlarını genişləndirərək mühüm üstünlüklər qazanacaq. Bu isə xalqımızın milli sərvəti olan müstəqilliyimizin qorunması, tarixi qələbəmizin nəticələrinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişi və nəhayət, daha güclü – daha qüdrətli Azərbaycan deməkdir!”.

Sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Siyasi dialoq və həmrəylik” mövzusunda çıxış edərək bildirib ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Onun sözlərinə görə, müharibədən sonra yeni Azərbaycan yaranıb: “Torpaqlarımızın işğaldan azad edilməsi məsələsində əksər siyasi partiyaların bir araya gəlməsi müharibədə qələbəyə təsir edən amillərdən biri olub. Vətən müharibəsi başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanat imzalayaraq Ali Baş Komandana və orduya dəstək nümayiş etdirdilər. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir”.

S.Rüstəmxanlı qeyd edib ki, bu gün dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək mümkün deyil. Azərbaycanda normal dialoq mühitinin formalaşdığını deyən partiya sədri ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasının əhəmiyyətini diqqətə çatdırıb və bu istiqamətdə Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Onun fikrincə, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. S.Rüstəmxanlı siyasi münasibətlərin və dialoqun inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüb.

“Vətən müharibəsi: haqq və şərəf işi” mövzusunda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə bildirib ki, Azərbaycanın son iki yüz ildə belə bir möhtəşəm qələbə qazanmasının əsas səbəbi xalqın xilaskar lider ətrafında sıx birləşməsi olub. Onun sözlərinə görə, bu birliyin bundan sonra da qorunub saxlanmasına nail olmalıyıq: "Əgər biz ötən illərdə məğlubiyyətin acısını, çətinliyini yaşayırdıqsa, indi də qazandığımız qələbəni qorumalı, onu möhkəmləndirməliyik. Çünki qələbədən sonra müəyyən dairələr tərəfindən ölkəmizə qarşı şər-böhtan kampaniyasının aparıldığını görürük. Ona görə də, biz milli birliyimizi daha da gücləndirməli, Prezidentimizin ətrafında bundan sonra da sıx birləşməliyik”.

Dəyirmi masada “Müqəddəs savaş: cəsurluğun, şücaətin və vətənpərvərliyin təntənəsi” mövzusunda çıxış edən iki dəfə “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan ordusunun müharibədə qələbə qazanmasının əsas səbəblərindən biri yüksək vətənpərvərlik amilidir.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqımızın özünə inamı qayıtdı, o cümlədən, orduda, gənclərimizdə yüksək döyüş ruhu formalaşmağa başladı. Məhz bunun nəticəsidir ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsi azad edildi. Atəşkəs dövründə isə Ulu Öndər tərəfindən güclü ordu quruculuğuna başlanıldı. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanda güclü ordu yaratdı. Bu gün bizim Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasındadır. Ötən dövr ərzində çox yüksək vətənpərvər ruhlu gənc nəsil formalaşdı ki, bu amil qələbəmizin təmin olunmasında öz sözünü dedi”.

Tədbirdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov “Vətən müharibəsi və yeni tarixi reallıqlar” mövzusunda çıxış edərək bildirib ki, hazırda tarixi proseslər yaşayırıq. Onun sözlərinə görə, dövlətimiz və xalqımız çox böyük qələbə qazanıb: “Azərbaycanla Türkiyə regionda güc balansını dəyişib. Hamı bu reallıqla barışmalıdır. Gələcəkdə bölgədə baş verəcək proseslərdə Azərbaycan müstəsna rol oynayan ölkələrdən biri olacaq. Biz artıq bunun son günlərdə İranla yaşanan gərginlikdə də şahidi olduq. Artıq İran rus sülhməramlılarının nəzarətində olan ərazilərimizə yük daşınmasına son verdi. Bu barədə İran tərəfi müvafiq qərar qəbul edib. Hesab edirəm ki, artıq bütün türk dövlətlərinin birliyinin daha da güclənməsi prosesi gedir və bu baxımdan gələcəkdə yeni bir güc mərkəzinin yaranmasının şahidi olacağıq. Noyabr ayında İstanbulda keçiriləcək türkdilli ölkələrin zirvə sammitində vacib qərarların qəbul edilməsi gözlənilir”.

Politoloqun fikrincə, 44 günlük Vətən müharibəsindəki qələbəmizə tam qiymətin verilməsi üçün zaman lazım olacaq: “Biz dövlətimizin, liderimizin ətrafında sıx birləşməliyik. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirmək üçün böyük iqtisadi layihələr gözləyir. Biz artıq bölgədə yeni bir güc mərkəziyik. Gələcəkdə bu hadisələr dərsliklərə, kitablara qızıl hərflərlə yazılacaq”.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov isə “Paralel baxış: Vətən müharibəsi və informasiya savaşı” mövzusunda çıxış edib. O bildirib ki, müasir dövrdə müharibələr hibrid müharibələr kimi səciyyləndirilir. Onun əsas komponentlərindən biri də informasiya müharibəsidir.

H.Məmmədov qeyd edib ki, 44 günlük müharibədə düşmənin və onun havadarlarının bizim informasiya məkanımıza müdaxilə cəhdlərini gördük: “Müharibə həm də informasiya məkanında gedirdi. 44 gün ərzində 35-dən çox xarici KİV-ə müsahibə verən Prezident İlham Əliyev informasiya müharibəsində də qələbəmizi təmin etdi. Amma bu gün də informasiya savaşı davam edir və bütün cəmiyyətimiz, o cümlədən siyasi partiyalar milli maraqlarımızın qorunması naminə bu prosesdə fəal iştirak etməlidir”.

Dəyirmi masada həmçinin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə, Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə və iqtisadçı Fuad İbrahimov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini və bu qələbənin əldə olunmasında milli birliyin və həmrəyliyin xüsusi rolunu vurğulayıblar. Çıxışlarda həmçinin, siyasi münasibətlərin inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib.

Sonda çıxış edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyirmi masada faydalı müzakirələrin aparıldığını bildirib və səsləndirilən təkliflərin diqqət mərkəzində saxlanılacağını vurğulayıb. Birinci vitse-spiker qeyd edib ki, Vətən müharibəsində ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq siyasi partiyaların mütləq əksəriyyətinin vahid mövqedən çıxış etməsi birliyimizin əyani göstəricisi oldu. Ə.Hüseynli gələcəkdə də bu tipli tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırıb.

Tədbirə yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu cür görüşlərin bundan sonra da keçiriləcəyini, ümummilli maraqlar ətrafında bötüvlükdə cəmiyyətin, o cümlədən siyasi partiyaların gələcəkdə də həmrəylik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.