Şəhidlərin Nizami rayonunda anım günləri keçirilib

21 Oktyabr 2021 18:13 (UTC+04:00)

Oktyabrın 21-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan - Alı Həsənlinin və Rafael İbrahimovun Nizami rayonunda anım günü keçirilib. SİA xəbər verir ki, anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidlər Alı Həsənlinin və Rafael İbrahimovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarları ziyarət olunaraq ruhlarına dualar edilib, onların və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirələri dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Alı Həsənli və Rafael İbrahimov Füzuli uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək şəhid olublar. Onlar Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunublar.

Mərasimdə çıxış edən şəhidlərin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.