Prezident İlham Əliyev: "Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir" TƏHLİL

21 Oktyabr 2021 16:47 (UTC+04:00)

Bu gün Azərbaycanın işğaldan azad olunan əraziləri nəhəng tikinti meydanına çevrilib. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur, yeni binaların tikintisi, dini-tarixi abidələrimizin təmir və bərpası, beynəlxalq hava limanlarının tikintisi, həqiqətən də, bu ərazilərdə irimiqyaslı layihələrin icrasına start verildiyini təsdiqləmiş olur. Qısa zamanda işğaldan azad olunan ərazilərimiz Azərbaycanın ən inkişaf etmiş məkanına çevriləcək. Dövlət başçısının hər dəfə bu ərazilərə səfəri çərçivəsində görülən işlərlə tanışlıq, eləcə də bu ərazilərin dirçəldilməsi məqsədi ilə yeni yerlərin təməlinin qoyulması, əlbəttə ki, hər bir insanda bu ərazilərdə yeni qaynar həyatın tezliklə başlanılacağına əminlik yaradır. Bildiyimiz kimi, oktyabrın 20-si Zəngilan rayonunun işğaldan azad olunmasından bir il ötdü. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı bu ərazidə aparılan işlərlə tanış olub, görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq, - deyərək, Şanlı Ordumuzun qəhrəmanlıq göstərərək, Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdiyini bildirib.

"ŞANLI ORDUMUZ DÜZ BİR İL BUNDAN ƏVVƏL AZƏRBAYCAN BAYRAĞINI ZƏNGİLANDA QALDIRDI VƏ DÜŞMƏNİ BU TORPAQLARDAN QOVDU"

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu 30 ilə yaxın həsrətə son qoyaraq, erməni təcavüzkarlarına dərs verdi və torpaqlarımızı işğaldan azad etdi. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonda on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İşğal dövründə Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Cənab Prezidentin bildirdiyi kimi, "Köhnə Zəngilandan bir şey qalmayıb". Qeyd edib ki, mənfur düşmən demək olar ki, bütün binaları dağıdıb: "Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu".

"İNDİ ZƏNGİLANIN YENİ DÖVRÜ BAŞLAYIR VƏ ŞƏHƏRİN BAŞ PLANI ARTIQ HAZIRLANIR"

Əlbəttə ki, Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurmuşdur. Bütün bunlara baxmayaraq, bu gün ermənilərin dağıtdığı, viran qoyduğu ərazilərimiz yenidən qurulur, abadlaşır. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılır. "İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır", - deyə bildirən Azərbaycan Prezidenti bir xarici şirkətin müsabiqədə qalib gəldiyini diqqətə çatdırıb: "Hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci "Ağıllı kənd" layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi". Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Xatırladaq ki, ilk "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub. Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. "Ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılacaq. 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Ərazidə müasir şəhərsalma standartları tətbiq olunacaq. Cari ilin aprel ayında təməli qoyulan Ağalı kəndində abadlıq, quruculuq işləri davam etdirilir. "Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq", - deyə dövlət başçısı bildirib. Əlbəttə ki, bir il ərizində belə böyük işlərin görülməsi və davam etdirilməsi Azərbaycan gücünün göstəricisidir. Döyüş meydanında sözünü deyən və apardığı döyüşlə dünyanın diqqətində olan Azərbaycan bu gün də işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə də dünyanın diqqətindədir.

"ZƏNGİLAN ÖLKƏMİZİN NƏQLİYYAT-LOGİSTİKA MƏRKƏZİNƏ ÇEVRİLƏCƏK"

Qeyd edək ki, dövlət başçısı Zəngilanın işğaldan azad olunmasından sonra artıq dördüncü dəfədir ki, bu rayona səfər edib. Hər səfər görülən və görüləcək işlərlə yadda qalıb. "Dekabr ayında gəlmişdim, o vaxt vəziyyətlə tanış olduq", - deyən Cənab Prezident bildirib ki, ondan sonra fevral ayında gəlmişdim, o vaxt ermənilər tərəfindən bir çox hissəsi dağıdılmış Bəsitçay qoruğunda çinar ağacları əkdik: "Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazırlanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək". Qeyd edək ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Onu da vurğulayaq ki, tikinti işlərinin 2022-ci ildə tamamlanması nəzərdə tutulub. "Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür", - deyən Cənab Prezident bildirib ki, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik: "Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub".

"İNDİ İSƏ BİZ GƏLƏCƏK İNKİŞAFI NƏZƏRƏ ALMAQ ŞƏRTİ İLƏ YARIMSTANSİYANI 50 MEQAVATLIQ ETDİK"

Dövlət başçısının Zəngilana səfəri çərçivəsində "Zəngilan" yarımstansiyasının açılışı olub. "Zəngilan" yarımstansiyası, ilk növbədə, Zəngilan rayonunda yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən müxtəlif dövlət strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini elektrik enerjisi ilə təmin edəcək. Dövlət başçısı bildirib ki, sovet vaxtında Zəngilan rayonunun ümumi enerji tələbatı cəmi 7 meqavat idi, çünki əhali o qədər də çox deyildi: "İndi isə biz gələcək inkişafı nəzərə almaq şərti ilə yarımstansiyanı 50 meqavatlıq etdik. Bir də ki, əhali artıb. İşğala qədər Zəngilan rayonunun əhalisi təqribən 30 mindən bir qədər çox idi. İndi 45 minə çatıb və əminəm ki, zəngilanlıların hamısı gəlib burada, belə bir gözəl yerdə, doğma vətəndə yerləşəcək".

Zümrüd BAYRAMOVA