Qusar rayonunda şəhid Rəsul Qazımətovun ildönümü keçirilib ANIM

21 Oktyabr 2021 15:49 (UTC+04:00)

Qusar rayonunun Qayakənd kəndində Vətən müharibəsinin şəhidi Qazımətov Rəsul Kamaləddin oğlunun ildönümü mərasimi keçirilib. Mərasimdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin əməkdaşları, müəssisə rəhbərləri, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Anım mərasiminin iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib və ruhuna dualar oxumaqla xatirəsini yad ediblər. Şəhidin ailə üzvləri ilə görüşü zamanı deputat Azər Badamov ailənin qayğıları ilə maraqlanıb və onları narahat edən məsələlərin tezliklə həll ediləcəyini bildirib. Şəhidin atası Kamaləddin Qazımətov onlara göstərilən qayğı və diqqətə görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edək ki, şəhid Rəsul Qazımətov müharibədə göstərdiyi fədakarlığa görə, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülüb.

Nəzakət ƏLƏDDİNQIZI