Kitab oxumağa maraq niyə azalıb? - PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

21 Oktyabr 2021 13:48 (UTC+04:00)

Kitab elm və mərifət dünyasına açılan qapıdır. Bir insan kitab oxumadan maariflənə və yüksək hümanist dəyərlərə sahib ola bilməz. “Kitab böyük müəllimdir, sinəsində min aləm var” fikri əbəs yerə deyilməyib. O, insanın dünyagörüşünü zənginləşdirməklə yanaşı hansısa bir mövzu ilə bağlı sərbəst fikir yürütməsinə yardım edən ən sadiq dostdur. Mütaliə həmçinin yaddaşı gücləndirən əsas amillərdən biri kimi də qeyd edilir. Təəssüf ki, bu gün kitabların aqibəti sual altındadır. Çünki mütaliəsizlik dövrümüzün ən faciəvi problemlərindən birinə çevrilib. Mütaliə ilə məşğul olmayanların ən böyük bəhanəsi “mənə lazım olan informasiyanı internet resurslarından əldə edirəm” demələridir. Düzdür, internet zəngin xəzinədir, amma baxır ondan necə bəhrələnirsən. Bizdə internet daha çox əyləncə vasitəsi kimi istifadə olunur. Bəs nəyə görə kitaba maraq azalıb? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Səmayə Hüseynova: “Onu deyə bilərəm ki, əsas da gənclər sosial şəbəkələrdə o qədər vaxt keçirirlər ki, kitab oxumağa vaxt qalmır. Məncə, onların yalan danışdığını düşünürəm. Çünki, nəsə öyrənmək, kəşf etmək istəyən insan mütləq kitab oxuyar, mütaliə edər. Doğrudur, insanlar bir çox məlumatları artıq internet vasitəsi ilə öyrənirlər ancaq bu o demək deyil ki, kitabı unutmaq lazımdır. Kitablar bizim cəmiyyətdə formalaşmağımızda mühüm rol oynayır. Ona dəyər vermək mütləqdir”.

Şəhər sakini Əhməd Süleymanov: “Bunun səbəbini bəzi tədris mərkəzlərində təhsilin səviyyəsinin aşağı olduğunda görürəm. Çünki, özüm də şahidi olmuşam ki, bəzi məktəblərdə dərs yaxşı keçilmir. Bəzi məktəblərdə elektron cihazlardan istifadə edilir. Beləcə kitab unudulur. Anlayıram indi texnologiya dövrüdür, ancaq belə etməklə də gənclərimizin gələcəyinə də mənfi təsir etmiş oluruq. Hər bir məlumat sosial şəbəkələrdə yoxdu, bəzi önəmli məlumatları biz sadəcə kitablardan ala bilərik. Düşünürəm ki, ən təməldən kitabı uşaqlara təbliğ etmək onların davamlı kitab oxumasına da səbəb olacaq”.

Şəhər sakini Əli Məmmədov: “Bunların hamısı ondan irəli gəlir ki, bizim vaxtımızda telefon, internet belə şeylər yox idi. Biz hamımız bir yerə yığışıb mərkəzi kitabxanaya gedirdik və hərə öz sevdiyi kitabı seçib oxuyurdu. Ancaq indi internet və texnologiya inkişaf etdikdən sonra gənc nəslin hamısı ona meyl etməyə başladı və artıq kitab oxumağı kənara buraxdı. Onları da qınamıram, çüki, artıq texnologiya o qədər inkişaf edib ki, yaşlı nəsil də bundan istifadə edir. Mütaliə etdikdə insan özünü çox rahat və yüngül hiss edir. Ancaq telefon və bəzi cihazlara vaxt ayırdıqda bunlar bizim sağlamlığımıza daha çox zərərlidir. Fikrimcə, dövr dəyişsə də, texnologiya dövrü olsa da, gərək insanlıq dəyişməsin”.

Şəhər sakini İsrafil İsmayılov: “Gənclər internetə bağlanıblar, yəni süni intellektual səviyyəyə qalxa bilməyiblər, əksinə eniblər. Çünki, kitab təbiətin bir parçasıdır. Düzdür, gənclərin telefondan, kompyuterdən, şüşə arxasından oxuduqları inkişafın göstəricisidir, amma belə inkişaf onlara zərər verir. Mən məsləhət görərdim ki, onlar az da olsa vaxt ayırıb mütaliə eləsinlər. Belə halda onların həm təhsil səviyyəsi, həm də dünyagörüşləri daha da artacaq”.

Şəhər sakini Gülşən Paşayeva: “Bunun səbəbini texnologiyanın inkişafında görürəm. Artıq hər kəs sosial şəbəkələrdən istifadə edərək dərs oxuyur, maraqlı məlumatlar öyrənir, əgər marağı varsa kitab da oxuyurlar. Hər şey sistemləşdirilməyə davam edir. Bu bir tərəfdən yaxşı bir haldır ancaq digər tərəfdən isə insan orqanizminə zərərlidir. Çünki, həddən artıq telefonda vaxt keçirmək asılılıq yaradır. Bu özü də bir sıra xəstəliklərin baş verməsinə səbəb olur. Hər şeyin həddindən çoxu zərərlidir və buna görə də xüsusən də gənclər sosial şəbəkələrdən bacardıqları qədər az istifadə etsələr daha yaxşı olar”.

Şəhər sakini Fəridə Quliyeva: “Şəxsən mən özümdən misal çəkə bilərəm ki, cavan olanda çoxlu mütaliə eləmişəm ancaq indi özüm də sosial şəbəkələrdən çox istifadə edirəm. Orada maraqlı məlumatlardan əlavə yaxşı kitablar da var. Oxumaq istəyən üçün məncə fərq etmir kitab və ya telefon. Sosial şəbəkələri yaxşı yöndə, özümüzə faydalı yöndə də istifadə edə bilərik. Bu insanların xarakteri və zövqlərindən asılıdır”.

Şəhər sakini Elvin Quliyev: “Bu barədə fikir bildirmək o qədər də asan deyil. Hər şey inkişaf edir, hər bir məlumatı istədiyimiz zaman balaca bir cihazdan əldə edə bilərik. Düşünmürəm ki, belə bir imkan varkən kimsə gedib mütaliə eləsin kitabları yadına salsın. Fikrimcə, ən azından hər həftə sonu biraz vaxt ayırıb kitab oxusaq, ən azından fərqli məlumatlar öyrənərik. Bu da bizim üçün daha faydalı olar və yeni şeylər öyrənərik”.

Rüqəyya Orucova