“Onlar bu vaxta qədər qanunsuz əməllər törədiblər” - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

21 Oktyabr 2021 14:16 (UTC+04:00)

“Cənab Prezidentin işğaldan azad edilmiş hər bir torpağa, kəndə, şəhərə səfər etməsi həqiqətən də günümüzün çox böyük hadisəsi kimi qəbul edilir. Yəni, istər Azərbaycanın özündə, istərsə də ondan kənarda hər kəsin diqqətini cəlb edən səfərlər olur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, həmin səfərlər zamanı təməllərin atılması, yeni mesajların verilməsi də diqqətdən kənarda qala bilməz: "Onlara izah edilir ki, bu vaxta qədər qanunsuz əməllər törədiblər, Azərbaycan torpaqlarını istismar ediblər, oğurluqla məşğul olublar və təbiidir ki, buna görə cavab verməlidirlər”.

Azər Həsrət sözlərinə belə davam edib: “Zəngilana səfər də istisna deyil. Cənab Prezident oraya səfəri zamanı bu mesajları verir və təbiidir ki, eyni gündə biz artıq Zəngilanın ərazisində olan “Vejnəli qızıl yatağı”nın istismarı ilə bağlı Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etməsi haqqında xəbəri eşitdik. Yəni, Azərbaycan dövləti bu məsələlərdə qətiyyətli davranır, davranmağa da davam edəcək”.

”Sadəcə olaraq bizim hamımız vətəndaş olaraq dövlətimizin, Prezidentimizin yürütdüyü bu milli mənafelərə xidmət edən siyasətin arxasında bu vaxta kimi olduğumuz kimi bundan sonra da olmağa davam etməliyik. Özəlliklə də üçüncü qüvvələrin ortalığı qarışdırmasının qarşısında yenə də biz durmalıyıq”.

Ayşən Vəli