"Hazırda ölkə xaricindən bu cür qrupların təbliğat işləri davam etməkdədir” - KOMİTƏ RƏSMİSİ AÇIQLADI

21 Oktyabr 2021 14:02 (UTC+04:00)

“Son illərdə respublikada özünü “şiəliyə” aid etməklə pərdələnmiş radikal, siyasi dini qrupların fəallığı nəzərə çarpmaqdadır. Dünyəvilikdən kənar, bəzi İslam ölkələrinə məxsus dini ideoloji xətti və idarəetmə sistemini Azərbaycana ixrac etməyə çalışan şəxslər əsasən xaricdən idarə olunurlar”. Bu fikirləri SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, ictimai asayişin pozulmasına və dini təhlükəsizliyə təhdid yaradan belə hadisələr arasında 26 noyabr 2015-ci il tarixdə Nardaranda və 10 iyul 2018-ci ildə Gəncədə baş verən iğtişaşları, xüsusilə qeyd etmək olar: “Bu hadisələrdən sonra özünü şiəliyə aid etməklə pərdələnmiş radikal, siyasi dini qruplara qarşı davamlı olaraq tədbirlərin həyata keçirilməsi önəmli məsələdir. Belə ki, hazırda ölkə xaricindən bu cür qrupların təbliğat işləri davam etməkdədir”.