"Azərbaycan öz mənafeələrini özü qorumaq iqtidarındadır" - POLİTOLOQ BAXIŞI

21 Oktyabr 2021 12:55 (UTC+04:00)

“Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi torpaqlarımızın erməni işğalından azad edilməsi ilə nəticələndi. Vətən müharibəsi dövründə Türkiyə hər zaman Azərbaycana yaxından dəstəyini nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, oktyabr ayının 26-da Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər etməsi Türkiyənin Azərbaycanın hər zaman yanında olduğunu göstərir: “Bilirik ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi yaşanılır. Amma bu məsələdə əlbəttə ki, digər ölkələrin heç bir müdaxiləsi ola bilməz. Çünki Azərbaycan suveren dövlətdir və öz mənafeələrini özü qorumaq iqtidarındadır. Hal-hazırda Qarabağda böyük həcmli quruculuq işləri gedir. Bu quruculuq işlərinin də dəstəklənməsi bizim üçün çox vacib bir məsələdir və Türkiyə həm bu məsələdə, həm də digər məsələlərdə öz dəstəyini göstərir. Amma siyasi dəstək, siyasi iradə olmasaydı, bunu etmək qeyri-mümkün olardı. Ona görə də Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 26 oktyabr tarixində Azərbaycana növbəti dəfə səfər etməsi Azərbaycana həm quruculuq işlərində, həm digər məsələlərdə dəstəyinin göstəricisidir”.

Arzu Qurbanzadə