Üçtərəfli işçi qrupunun iclasının pərdəarxası məqamları NƏLƏRDİR? - DEPUTAT MÖVQE BİLDİRDİ

21 Oktyabr 2021 12:55 (UTC+04:00)

"Kommunikasiya xətlərinin, xüsusilə, Azərbaycanın dəyər verdiyi Zəngəzur dəhlizinin açılması olduqca vacibdir". Bunu SİA-ya açıqlamasında deputat, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 8-ci iclası bu kimi kommunikasiyaların açılması ilə bağlı əsas formatdır. Ermənistanda seçkilər olduğundan bu məsələlərin həlli məsələsi təxirə salınmışdı.

Bu haqda Rasim Musabəyov fikrini belə izah edib: "Ancaq Azərbaycanın təkidi ilə görüş baş tutub. Orada işçi qrupu da, ekspertlər də fəaliyyət göstərir. Hər halda sızılan məlumatlara görə, Ermənistan tərəfi öz qeyri-konstruktiv yanaşmalarından çəkilməkdə maraqlıdırlar. Belə olan halda, Mehridən keçən həm dəmiryolu, həm avtomobil yolu inşa olunacaq. Bu həm də Azərbaycanın Naxçıvanla qısa və müasir nəqliyyat əlaqəsinin işə salınması deməkdir. Eyni zamanda İrana da dəmiryolu çəkiləcək. Türkiyə də Naxçıvanla dəmiryolu çəkdiyi halda Azərbaycan öz ərazilərindən Türkiyə ilə əlaqə qurmaq şansına nail olacaq. Bu olduqca vacibdir. Amma söhbət yalnız bundan getmir. Ayrı-ayrı yollar da var. Onlar da açılacaq. Ümumiyyətlə bölgədə stabillik şəraitində əlaqələrin qurulması mümkün olacaq".