Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ölkə iqtisadiyyatına nə qazandıracaq? – ANALİZ

21 Oktyabr 2021 11:56 (UTC+04:00)

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası ölkəmizin iqtisadi inkişafına və siyasi nüfuzunun artmasına çox böyük töhfə verəcək

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı işğaldan azad edilmiş digər rayonlar kimi Zəngilanın da məskunlaşmasının tezliklə başlayacağını, burada yeni, müasir infrastruktur qurulacağını, ekoloji təmiz bölgə yaradılacağını, innovativ iqtisadiyyat yaradılacağını bəyan edib. Ümumiyyətlə, Prezidentin işğaldan azad olunmuş rayonlara səfəri zamanı bu ərazilərin necə qurulacağı barədə anonslar verilib. Bəs ölkəmizin 2 böyük iqtisadi rayonunun - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkə iqtisadiyyatına qoşulması ilə nələr baş verəcək? Yazımızda bu məsələləri təhlil etməyə çalışacağıq.

Müharibədən keçən 1 il ərzində ərazinin minalardan təmizlənməsi işləri sürətlənib, elektrik, su, qaz xətlərinin, avtomobil və dəmiryolunun çəkilməsi işləri sürətlə davam edir. Füzulidə beynəlxalq aeroportun tikilməsi, daha 2 aeroportun tikiləcəyi anonsu, Bakı-Naxçıvan dəmiryolunun dağıdılmış hissələrinin sürətlə bərpası işləri, parallel olaraq eyni marşrut üzrə avtomobil yolunun çəkilməsi işləri, Füzuli-Şuşa avtomobil yolunun tikilməsi, ərazidəki şəhər və kəndlərə elektrik, qaz, su, telefon, internet xətlərinin çəkilməsi, aqrar sahədə məhsul yığımının təşkili və bu kimi işlər göstərir ki, tezliklə bu ərazidə böyük canlanma yaranacaq.

Hazırda azad edilmiş şəhər və kəndlərin baş planları hazırlanır və tezliklə layihə üzrə böyük bərpa işlərinə başlanacaq. Ağıllı şəhər və kəndlərin tikiləcəyi, meşələrin və yaşıllıq sahələrinin salınacağı bu bölgə təmiz ekoloji region kimi dünyada tanınacaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tezliklə ölkəmizin ən inkişaf etmiş regonlarına çevriləcəyinə şübhə yoxdur. Bunun üçün həm təbii-coğrafi, həm insan resursu, həm iqtisadi-maliyyə imkanları yetərincədir. Ərazilərin bərpasında xarici kapitalın da iştirakı nəzərdə tutulub. Artıq bir sıra ölkələr buraya investisiya qoyacağını bildirib.

Azad edilmiş zonalara qayıdacaq azı yarım milyon məcburi köçkün var və onların yaxın bir neçə il əzrində tədricən və mərhələli şəkildə bu ərazilərdə məskunlaşacağı gözlənilir. Burada yaşayanlara dövlət tərəfindən ev, torpaq sahəsi veriləcək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditlər və sair xüsusi güzəştlər tətbiq ediləcək.

Özünüməşulluq proqranmının bu ərazilərdə geniş tətbiq olunması da burada yaşayacaq insanların işlə təminatı və məhsul istehsalının artmasına səbəb olacaq. Nəticədə burada iqtisadi fəallıq artacaq, sosial rifah yükləsəcək. Yekun olaraq bütün bu işlər ölkəmizin qeyri-neft sektorunun payının artmasına gətirib çıxaracaq.

Bu da özünü növbəti illərdə ÜDM-in artımında, büdcə gəlirlərinin çoxalmasında, o cümlədən büdcə gəlirlərində qeyri-neft sektorunun payının artmasında, xeyli sayda yeni iş yerlərinin yaranmasında göstərəcək.

Cənab Prezident hələ 17 il əvvəl Nazirlər Kabinetinin iclasında çıxış edərkən ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasının əsas hədəf olduğunu qeyd edərək belə demişdi: “Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur, daha doğrusu, Azərbaycan neft ölkəsi deyil”.

Keçən 17 il göstərdi ki, bunlar sadəcə söz deyildi. Bu müddətdə sahibkarlığın dəstəklənməsi üçün dövlət ardıcıl olaraq işlər həyata keçirib. Sahibkarlara güzəştlər tətbiq edilib, bəzi sahələrdə vergilər ləğv edilib və ya azaldılıb. Güzəştli kreditlər, subsidiyalar, dövlət yardımları aqrar sektorda ciddi artımlara səbəb olub. Nəticədə, ölkədə on minlərlə yeni müəssisə açılıb, yüz minlərlə insan işlə təmin olunub, milyonlarla ton əlavə məhsul istehsal olunub. Bunun nəticəsidir ki, bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 70 faizə çatıb.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, sahibkarlığın dəstəklənməsi ilə bağlı qəbul olunan qanun və qərarlar, yerli istehsalın həcminin artıırlması üçün atılan addımlar buna gətirib çıxardı ki, qlobal maliyyə-iqtisadi böhranları zamanı və pandemiya dövründə Azərbaycan ciddi zərər çəkmədi. Hətta bu hökumətə imkan verdi ki, manatın məzənnəsini qoruyub saxlasın, baxmayaraq ki, bütün qonşu ölkələrin valyutası çox ciddi şəkildə dəyərini itirib.

Məhz qeyri-neft sektorunun bu həddə gəlib çatması nəticəsində bir neçə il əvvəl neftdən gələn gəlirlərin azalması fonunda dövlət büdcəsində yaranmış kəsiri lazımi qədər kompensasiya edə bildi və məhz bunun nəticəsində başqa ölkələrdən fərqli olaraq Azərbaycan dövlət büdcəsində sosial xərcləri bir manat da azaltmadı.

Bəs, bu strategiyanın işğaldan azad edilmiş iki iqtisadi rayonda tətbiqi ölkəmizə nə verəcək? Proqnozlarımızı qısa şəkildə oxucuların nəzərinə çatdırmaq istəyirik:

1. Qeyri-neft sektorunda sahibkarlıq subyektlərinin sayı xeyli artacaq ki, bu da əlavə iş yerləri və əlavə məhsul istehsalı deməkdir. Nəticədə ölkədə bolluq yaranacaq ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq.

2. Yeni istehsal və xidmət obyektlərinin açıılması nəticəsində ümumdaxili məhsulun həcmi, dövlət büdcəsinin gəlirləri xeyli artacaq, strateji ehtiyatlar gələcək nəsillər üçün qorunub saxlanacaq.

3. Yerli istehsalın artması ölkəmizin ixracında qeyri-neft sektorunun payını artıracaq, idxaldan asılılıq daha da azalacaq.

4. İşğaldan azad edilmiş rayonların hesabına turizm, nəqliyyat-logistika və aqrar sektorda ciddi artımlar əldə olunacaq. Ölkənin su ehtiyatının 1/3-ni təşkil edən ərazinin su ehtiyatları digər rayonların da su təchizatında böyük töhfə olacaq.

5. Ölkədə əhalinin ərazilər üzrə demoqrafik balansı yaxşılaşacaq. Belə ki, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi iri şəhərlərlə məskunlaşmış məcburi köçkünlər azad edilmiş ərazilərə qayıtdıqdan sonra, ölkə əhalisi ölkə ərazisi üzrə normal paylaşılmış olacaq və bu da şəhərlərin yükünü azaldacaq.

Zəngəzur Dəhlizinin açılması təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün deyil, bütün ölkəmiz üçün xeyli dividentlər verəcək. Naxçıvanın blokadası götürülmüş olacaq, Türkiyə və Avropaya daha qısa yol əldə ediləcək, bu dəhlizin Böyük İpək Yoluna qoşulması ilə ölkəmiz tranzitdən xeyli gərli əldə edəcək, xarici ölkələrlə ticarət imkanları daha da artacaq.

Ümumiyyətlə, yaxın 5 ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası ilə Azərbaycan iqtisadi qüdrətini, buna müvafiq olaraq siyasi nüfuzunu daha da artıracaq. Ölkədə sosial rifah xeyli yüksələcək. Respublikamız dünyanın sosial və iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

Bu, əlbəttə, asan iş deyil, çox nəhəng iqtisadi-maliyyə təminatı, böyük zəhmət və vaxt, ən əsası düzgün idarətmə və düşünülmüş strategiyanın tətbiqini tələb edir. Dövlətimizin və xalqımızın bunun üçün həm lazımi imkanları, həm də iradəsi var. Bu o deməkdir ki, artıq Azərbaycanın dünyanın inkişaf etmiş qüdrətli dövlətlərindən birinə çevrilməsi üçün qarşıda heç bir problem qalmayıb.

Prezidentin sözləri ilə desək, artıq müharibə qələbə ilə bitib və indi qarşımızda böyük quruculuq işləri durur. Dövlət başçısı bununla bağlı öz qəti siyasi iradəsini ortaya qoyub və Azərbaycan ardıcıl olaraq bu hədəfə doğru irəliləyir. Tarix və təcrübə göstərdi ki, Prezident İlham Əliyev verdiyi sözlərin hamısını yerinə yetirir. Şübhə yoxdur ki, bu deyilənlərin də reallaşması tezliklə baş tutacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.