"Nyukasl"dan Dembeleyə təklif

20 Oktyabr 2021 22:43 (UTC+04:00)

"Nyukasl" "Barselona"nın futbolçusu Usman Dembeleni transfer etmək istəyir.

"Foot Mercato" xəbər verir ki, İngiltərə Premyer Liqasının təmsilçisinin yeni sahibləri müqaviləsi gələn ilin yayı başa çatacaq fransalı yarımmüdafiəçini almaq istəyirlər. SİA bu barədə xarici mətbuata istinad edir.

Bildirilib ki, Kataloniya klubu 24 yaşlı oyunçuya maaşının kəsilməsi şərti ilə yeni müqavilə təklif edib. "Nyukasl"ın yeni sahibləri isə bu vəziyyətdən istifadə etməyi düşünürlər. İngiltərə klubu Dembeleyə ilinə 15 milyon avro qazanacağı 5 illik müqavilə təklif edib. Bundan əlavə, "Nyukasl" fransız futbolçunun kluba pulsuz qoşulacağı təqdirdə, Dembeleyə 15 milyon avroluq imza bonusu ödəməyə hazırdır.

"Barselona" belə bir təklifi təkrar etməyə hazır deyil və Dembelenin bu mövsüm "Nyukasl"ın zəif oyunu səbəbindən göndərilən təklifi rədd edəcəyinə ümid edir.