"İnsanların sosial müavinətlərinin kəsilməsi barədə səsləndirilən fikir düzgün deyil. Belə ki, sosial müavinətlərin bir çox növləri var, onlardan biri əlilliyə görə sosial müavinətdir. Əlilliyə görə sosial ödənişlər (pensiya, təqaüd, müavinət) əlillik müddəti ərzində verilir və həmin müddətdə dayandırıla bilməz. Şəxs əlillik müddətinin nə zaman bitdiyini bilməlidir. Bitdiyi halda bu müddətin uzadılması üçün yaşadığı ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov deyib.
Onun sözlərinə görə, tibb müəssisəsi onun əlilliyinin təkrar qiymətləndirilməsi üçün elektron sistemə göndəriş daxil etdikdə, həmin göndəriş əsasında onun əlilliyinin təkrar qiymətləndirilməsi aparılır: "Əlillik təyinatı sahəsində aparılan islahatların əsas məqsədi bu sahədə şəffaf və obyektiv, eyni zamanda sosial ədaləti təmin edən, dürüst qiymətləndirmənin aparılmasıdır
Əgər əlilliyin təkrar qiymətləndirilməsi zamanı şəxsin sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunursa, təbii ki, əlillik də təyin edilmir".
Tural Qurbanov sözlərinə belə davam edib: "Hər hansı şəxsin əlillik vəziyyətində olmadığı halda ona əlillik dərəcəsi təyin edilməməsindən narazılığı əsaslı deyil. Əlillik müddəti uzadılmayan və ya reabilitasiya olunan, heç bir gəlir yeri olmayan şəxslər isə məşğulluqlarının təminatı, aktiv məşğulluq proqramlarına (ödənişli ictimai işlər proqramı, özünüməşğulluq proqramı, peşə hazırlığı və s.) cəlb edilmək məqsədilə məşğulluq orqanlarına müraciət edə bilərlər".
Ayşən Vəli