Qapanmalar yenidən gündəmə gəlir? - XƏBƏRDARLIQ! - SORĞU

20 Oktyabr 2021 12:04 (UTC+04:00)

Dünya və ölkəmiz hələ də koronavirusun pandemiya dönəmini yaşayır. Dünyada koronavirusa yoluxanların ümumi sayı 242 372 104 ölənlərin sayı isə 4 929 623-ü ötüb. Azərbaycanda isə yoluxmaların ümumi sayı 505 min 554-ü keçib. İndiyədək dünyasını dəyişənlərin sayı isə 6000 mini ötüb. Hazırda günlük yoluxma 2000 mindən çoxdur. Bu yoluxma sayının artması nədən qaynaqlanır? Belə olan halda yenidən qapanmalar ola bilərmi?

Bu barədə SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bunları deyib: "Mən, ümumiyyətlə, bu koronavirusun artıb-azalması məsələsi ilə bağlı gündəm yaradılmasına qıcıq oluram. Bu koronavirusla birgə yaşamaq qaydalarını artıq öyrənmək lazımdır. Mən dəfələrlə demişəm ki, necə ki kənddə ilanla, cəngəllikdə vəhşi heyvanlarla yaşamağa insanlar öyrəşib, indi də koronavirusla birgə yaşamağı insanlara öyrətmək lazımdır. Həmçinin mən dəfələrlə toy mərasimlərinin açıq havada keçirilməsini tövsiyə edəndə yenə də gördüm ki, köhnə toy modelləri bərpa olundu. Camaatın əksəriyyəti toylarda yoluxur. Binə kəndində məktəblərdən birində 44 şagird sinifdə birdən oxuyur. Mənim bacımın nəvəsi də bu sinifdə oxuduğu üçün virusa yoluxub. Bu qaydalara əməl etmədikdən sonra gözləyirlər ki, Allah qoymayacaq koronavirusa yoluxma artsın. Koronavirusla normal yaşamaq lazımdır. Bir halda ki, yoluxma belə artır.

Bir müddət qapanma olanda da daha onu uzatmaq lazım deyil. Sadəcə qanunlara əməl etmək lazımdır ki, koronavirus yayılmasın. İnsanlar başlı-başına qalır. Sonra da deyirlər, qapanmaya gedək yoxsa getməyək. Bu xəstəliklə zarafat etmək olmaz. Təkrar deyirəm ki, kənddə ilanla yaşamağın qaydası olduğu kimi koronavirusla da yaşamağın qaydası var. Ancaq buna əməl etmək lazımdır. Vətən müharibəsi ilə əlaqədar şəhidlərimiz oldu. Bununla bağlı yas mərasimləri keçirildi. Minlərlə insan bir yerdə yığışdı. İnsanlar başa düşmürlər ki, bununla zarafat etmək olmaz. Toyumuz belə, yasımız belə, məktəbimiz belə sonra da deyillər ki, niyə koronavirusa youxma artır".

ATU-nun müəllimi cərrah Rauf Qasımov isə mövzu ilə bağlı fikrini belə izah edib: "Mən hesab etmirəm ki, ciddi artım var. Bu gedişlə qapanmaya ehtiyac yoxdur. Nə qədər ki xəstəxanalarda boş yer var, aktiv xəstə sayı azdır, qapanmaya ehtiyac yoxdur. Hər bir qapanma ölkə iqtisadiyyatına və əhaliyə ciddi zərər vurur. Hesab edirəm ki, qapanma olmayacaq".