“Hasilat Sənayesində Şəffaflıq” Portalının təqdimat mərasimi keçirilib - YENİLƏNİB-FOTOLAR

19 Oktyabr 2021 20:06 (UTC+04:00)

Oktyabrın 19-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Hasilat Sənayesində Şəffaflıq” Portalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov çıxış ediblər.

Qeyd olunub ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla Azərbaycan Respublikası hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləmiş, 2003-cü ildə "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü"nə qoşulmuş, 2005-ci ildə dünyada ilk dəfə şəffaflıq təşəbbüsü üzrə hesabatı açıqlamışdır. Hasilat sənayesində şəffaflığın təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilib, Azərbaycan Respublikası BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na və "2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı"na layiq görülüb. Bununla yanaşı vurğulanıb ki, son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır. Bununla əlaqədar "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 iyul tarixli Fərmanı ilə hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığı və bu sahədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq üzrə hesabatların davamlı toplanmasını və toplanmış hesabatlar əsasında statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək Dövlət Statistika Komitəsinə həvalə edilib.

Daha sonra Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov hasilat sənayesində şəffaflıq üzrə hesabatların toplanması və ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər barədə iştirakçılara məlumat verib. Bildirilib ki, ilkin mərhələdə hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq Komitə tərəfindən təsdiq edilib, növbəti mərhələdə isə aidiyyəti dövlət orqanlarından və hasilat sənayesi ilə məşğul olan müəssisələrdən göstəricilər sistemi əsasında məlumatlar toplanıb. Toplanmış məlumatların müasir texnoloji vasitələrlə istifadəçilərə çatdırılması məqsədilə “Hasilat Sənayesində Şəffaflıq” Portalı hazırlanıb. Vurğulanıb ki, Portal hasilat sənayesi sahəsində statistik məlumatların ictimaiyyətə, o cümlədən dövlət qurumlarına, özəl sektor, elm və təhsil müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə, regional və beynəlxalq təşkilatlara çatdırılması üçün əlverişli informasiya mühiti yaratmaqla virtual körpü rulunu oynayacaqdır.

Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə Portalın təqdimatını həyata keçirib.

Mərasimin sonunda tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.