Artıq bir ildir ki, Qubadlı azaddır - MƏQALƏ

19 Oktyabr 2021 14:07 (UTC+04:00)

Uzun illərdir idi ki, həsrətin çəkdiyimiz Vətənimiz dilbər guşələrindən olan Qubadlı şəhəri 27 ildən sonra öz həmvətənlərinə qovuşdu.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdir. Qubadlı şəhəri və rayonunun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdür.

Ötən əsrdə Qubadlı dəfələrlə Erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq, hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulmuşdur.

1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.

1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini,4 -cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgahı, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələrini, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələri işğal etmişdilər. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.

Səthi, əsasən,dağlıqdır. Ən hündür nöqtəsi Topağac yüksəkliyidir. (2010 metr) Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bərgüşad və Həkəri çayları arası) burada 450 metrədək alçalır. Əqiq və inşaat materilları yatağı var. Iqlimi, əsasən mülayim, isti quru subtropikdir. Çayları Bərgüşad, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 13160 hektar meşə sahəsi vardır. Kollu və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Heyvanları; çöl donuzu, qonur ayı, cüyür, canavar, çaqqal, tülkü, vaşaq, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qum sıçanları və s. Quşları: qartal, boz kəklik, turac, qırqovul, bildirçin, leylək və s. 1966-cı ildə rayonda 20 min hektar sahəsi olan Qubadlı Dövlət Təbiət yasaqlığı yaradılmışdır.

Qubadlı kənd təsərrüfatı rayonu olmuşdur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilmiş, heyvandarlıqla məşğul olunmuşdur.

Rayonun ərazisi, həmçinin qədim insan məskənlərindən biri olub. Arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdı. Tapılmış maddi mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərirdi. Qubadlı şəhəri ərazisində aşkar olunmuş Xırman yeri, Əliquluuşağı kəndində aşkar olunmuş Qalaça, Koroğlu qalası, Muradxanlı kəndi ərazisində Mal təpə abidələri mütəxəssislər tərəfindən Son Tunc, İlk Dəmir dövrlərinə aid edilir.

2020-ci il 27 sentyabrda başlamış Vətən müharibəsində coxdandır həsrətlə gözlədiyimiz tarixin şahidi olduq.İllərdir qubar bağlamış yaralarımız,nəhayət ki, öz məlhəmini tapdı. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərdən əsər-əlamət qalmamış, bütün binalar dağıdılmışdır.Şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv edilə idi.Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləmişlər.

25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu və şəhəri düşmən işğalından azad olundu. Öldürülən ,əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə , qəhrəman Azərbaycan xalqının qisası alındı. Prezidentimiz cənab İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun işğaldan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənov və Zaur Quliyevi təbrik etmiş və bu təbriki bütün şəxsi heyətə çatdırmağı tapşıraraq , növbəti hərbi əməliyyatlarda bütün ordumuza uğur arzulamışdır.

27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli , şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu! Şükürlər olsun ki,hazırda işğaldan azad olunmuş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır.2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaltı. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli iradəsi və uzaqgörən siyasəti, yenilməz ordumuzun şücaəti və cəsarəti, arxa cəbhədə ordumuza dəstək göstərən qürurlu xalqımızın birliyi sayəsində zəfər qazandıq.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi.

İlahə Novruzova

Xəzər rayonu, İ.Tağıyev adına 26 №li tam orta məktəbin müəllimi