“Əli Kərimliyə ata rolu yaraşmır” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

19 Oktyabr 2021 13:48 (UTC+04:00)

“Bəzi müxalifət qüvvələrinin elektrik enerjisinin və təbii qazın qiymətinin artmasından öz siyasi məqsədləri üçün istifadə etməsi yolverilməzdir. Əli Kərimliyə gəldikdə, onu demək lazımdır ki, bu insan heç Vətən müharibəsində də dövlətimizi dəstəkləmədi. Ə.Kərimli, Cəmil Həsənli, Əli Əliyev və digərləri hansısa qüvvələrin sifarişlərini yerinə yetirirlər”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda quruculuq işləri gedir: “Elektrik və qazın qiyməti cüzi artırılıb. Sözügedən şəxslərin bundan istifadə edərək insanları aksiyalara çağırmaları mənəviyyatsızlıqdır. Bu yaxınlarda mən özüm Şuşada oldum. Şuşada olan zaman gördüm ki, böyük işlər gedir, möhtəşəm Zəfər yolu salınıb,yəni xalq ağı qaradan yaxşı seçə bilir. Məşhur ifadələrlə desək "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

A.Əlizadə onu da bildirdi ki, “VİP” sədri Əli Əliyevin istəyi “ana” müxalifət olmaqdır: “Ana” müxalifət olanların yanında bir dənə də “ata” müxalifət olmalıdır. Burada “ata” müxalifət rolunu Əli Kərimli üzərinə götürüb. Əli Kərimliyə ata rolu yaraşmır. Çünki ata borcunu yerinə yetirmir. Ona görə də, Əli Əliyev nə qədər gec deyil oturub papağını qarşısına qoyub fikirləşməlidir”.