Ağdaş rayonunda Vətən müharibəsi şəhidi Murad Hacıyevin doğum günü qeyd olunub

19 Oktyabr 2021 13:28 (UTC+04:00)

Ağdaş rayonunun Gürcüva kəndində Vətən müharibəsi şəhidi Hacıyev Murad Eynulla oğlunun doğum günü münasibətilə tədbir keçrilib. Şəhidin 24-cü doğum günü münasibətilə onun adına inşa olunan xatirə lövhəsinin önündə keçirilən tədbirdə YAP Ağdaş rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, şəhidin əsgər yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılıb, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılıb. 8 saylı şəhər tam orta və Gürcüva kənd ümumi orta məktəblərinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya səsləndirilib.Tədbirdə çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Möhtərəm Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Tədbir iştirakçıları şəhidin Gürcüva kənd qəbiristanlığındakı məzarını da ziyarət etmiş, üzərinə gül-çiçək dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.

Hacıyev Murad Eynulla oğlu 18 oktyabr 1997-ci ildə Ağdaş rayonunun Gürcüva kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə səfərbərliklə cəbhəyə yola düşən Murad Hacıyev Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidimizin nəşi möhtəşəm Qələbəmizdən sonra tapılmış və noyabrın 17-də doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Murad Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA