Prezident İLHAM ƏLİYEV: “Mənə güc verən, məhz xalqımızın əzmkarlığı idi”

19 Oktyabr 2021 13:23 (UTC+04:00)

“Mənə güc verən, məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir”. Bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qələbəmizi şərtləndirən amillərdən danışarkən bildirib.

“Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz gücünə və liderinə güvənən xalq yenilməzdir

Bəli, öz gücünə və liderinə güvənən xalq yenilməzdir. Çünki bütün məqamlarda Azərbaycan xalqı möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşibdir. Çünki bizim yolumuz haqq yoludur. Ölkə Prezidentinin qeyd etdiyi kimi, biz müharibə istəmirik. Amma Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi onun suveren hüququdur: "Çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq".

Çünki xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq. Azərbaycan Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə milyonların sevgisi, dəstəyi şəksizdir. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur.

Ali Baş Komandanımız xalqımıza hər müraciətində bəyan edir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir

Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: “Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

Dövlət başçımız onu da vurğulayıb ki, bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər: “Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir”.

Tarixi ədaləti bərpa etmiş Azərbaycan ordusu-xalq birliyi

Bəli, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, 30 illik həsrətin başa çatması və itirilmiş milli qürur və şərəfimizin geri qaytarılması ilə nəticələnmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab prezident İlham Əliyev və rəşadətli Azərbaycan ordusu bu Vətən müharibəsində, sözün əsl mənasında, can qoydular. Bu 44 günlük məşəqqətli müharibədə bütün çətinliklərə səbrlə sinə gərdilər. Azərbaycan bütün dünyaya sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etdi və tarixi ədalət müvəffəqiyyətlə bərpa olundu. Bu, Prezident İlham Əliyevin son 18 il ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil edilib. Məhz xalq-iqtidar-ordu birliyinin nəticəsidir ki, bu gün xalqımız başını uca tutur, xalq olaraq Ali Baş Komandanın dediyi kimi, «bir yumruqda birləşə bildik». Necə deyərlər, biz ordusu olan yox, milləti ordu olan dövlətik!

Azərbaycan Prezidentinin Füzuli ictimaiyyətilə görüşü zamanı dediyi kimi: «Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz... Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik. Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik».

Bəli, müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. Çünki Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI